ABŞ Müdafiə Nazirliyi (Pentaqon) yeni hesabat yayıb. Hesabatda Çinin 100-dən artıq  yeni qitələrarası ballistik raket ehtiyatı saxladığı xüsusi vurğulanıb. Əlavə edilib ki, Pekin nüvə arsenalını da artırmaqla yanaşı, nüvəsizləşdirmə proqramından "gen gəzir".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Pentaqonun bu hesabatına Çindən cavab gecikməyib.

Çin ABŞ Müdafiə Nazirliyinin bu hesabatının yalan olduğunu iddia edib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian Pekində keçirilən mətbuat konfransında bildirib ki, ABŞ daim Çinin nüvə silahlarını artırması və ya başqa şayiələr yaymaqla, əslində, öz nüvə silahlarını modernləşdirilməsini sürətləndirməyə, o cümlədən, qlobal strateji sabitliyi pozmağa bəhanə axtarır: "Artıq beynəlxalq ictimaiyyət belə yalanlara doyub. Dünyanın ən böyük nüvə silahı ehtiyatına malik ölkə kimi, ABŞ nüvə silahsızlanması üçün özü öz arsenalı üçün radikal addım atmalı, daha məsuliyyətli davranmalıdır. Bundan sonra digər ölkələri silahsızlanma prosesinə çağırmalıdır".

XİN rəsmisi deyib ki, Çinin nüvə strategiyası müdafiə xarakterlidir və hemç vaxt  nüvə silahından ilk istifadə etməmək prinsipini pozmayacaq: "Ölkəmizin nüvə gücünü milli təhlükəsizliyimizin tələbi istiqamətində ən aşağı səviyyədə saxlayırıq. Heç bir ölkə ilə də silahlanma yarışına girmək niyyətində deyilik".

XİN rəsmisi 100-dən çox qitələrarası ballistik raket saxlama iddiasına isə aydınlıq gətirməyib.

Samir MUSAYEV

MİA.AZ