Laçın rayon icra hakimiyyətinin başçısı və rayon yol idarəsinin müdirindən şikayət var. Rayon elektrik şəbəkəsinin əməkdaşı olan Fərman Cabbarov yazır ki, o, vaxtı ilə Dövlət Sosial Müdafiəsi Fondunun Laçın rayon şöbəsinin müdiri işləmiş Musa Musayevlə birgə həbs olunub: «Mən şöbədə mühasib işləyirdim. Hər ikimizi korrupsiyaya görə həbs edərək, eyni iş verdilər. Rayonumuza Akif Səlimov icra başçısı təyin edildikdən sonra isə o, Musa Musayevin rayon yol idarəsinin rəisi vəzifəsinə təyinatını təmin etdi. Doğrudur, başçı indi iddia edir ki, Musanı o, yox, «Azəryolservis»in rəhbəri Cavid Qurbanov vəzifəyə təyin edib. Elə isə soruşuram, bəs Musa Musayevin təqdimatını kim verib? Nədən verilib?  

Əgər icra başçısı qanunlarla işləyir, qanunlara hörmət edirsə, o zaman soruşuram, 65 yaşlı təqaüdçü dostu Musa Musayevin Cinayət Məcəlləsinin 179.3.2. və 311-in maddələri ilə məhkum edilməsinin heç bir əhəmiyyəti yoxdurmu? 

 Səbəb sadədir. Çünki Musa Musayev Dövlət Sosial Müdafiəsi Fondunun Laçın rayon şöbəsinin müdiri işləyərkən, həmin vaxtı polis rəisi vəzifəsindən azad olunmuş Akif Səlimova sədaqətlə xidmət edib. Hətta sabiq icra başçısı Ramiz Cəbrayılovun əleyhinə kampaniyada fəal iştirak edib». 

Fərman Cabbarov yazır ki, elə bu məsələlərlə bağlı şikayət etdiyi üçün Akif Səlimovla Musa Musayevin yaxın ətrafı tərəfindən təhdid olunur: «Vəziyyət o həddə çatıb ki, artıq mən işlədiyim Elektrik Şəbəkəsinə işə qorxu ilə gedirəm. Mənim həyatım təhlükə altındadır. Bu məqalələr dərc edildikdən sonra Akif müəllim və dostu Musa Musayev  tərəfindən başqa-başqa adamları öyrədilib, məni şərlətmək istəyirlər…». 

Şikayətçi daha sonra icra başçısı Akif Səlimovla Musa Musayev, həmçinin Laçın Mərkəzi Xəstəxanasında yaşanan xoşagəlməz olaylar haqqında da məlumat verib. Lakin hələlik bunları dəqiqləşdirə bilmədiyimizdən təfərrüatlara varmadıq.

"Reytinq"