Azərbaycan Müdafiə Nazirliyi bəyanat yayıb.
Mia.az nazirliyin rəsmi saytına istinadən həmin bəyanatı olduğu kimi təqdim edir:
"Yerevandakı hərbi-siyasi rejim növbəti dəfə Ermənistan Müdafiə Nazirliyinin yaydığlı bəyanatla bu ölkədəki acınacaqlı vəziyyəti etiraf etmək məcburiyyətində qalıb.
Həqiqətən
də ağır iqtisadi vəziyyət, yoxsulluq səviyyəsinin yüksəlməsi, inflyasiyanın
sürətlənməsi, demoqrafik durum, kütləvi miqrasiya Ermənistandakı
sosial-iqtisadi şəraiti partlayış həddinə çatdırıb.
Ermənistandan
fərqli olaraq, Azərbaycanda Silahlı Qüvvələrimizin şəxsi heyətinin döyüş
hazırlığı, mənəvi-psixoloji vəziyyəti dövlətimizin və onun rəhbərliyinin diqqət
mərkəzində olduğu kimi, hərbi qulluqçuların sosial-məişət şəraitinin
yaxşılaşdırılması və maddi-texniki təminatının artırılması da möhtərəm
Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin
birbaşa nəzarəti və qayğısı əhatəsindədir.
İyul ayının sonları və avqustun əvvəllərində qoşunların təmas xəttində xeyli sayda canlı qüvvə sarıdan itki verən erməni tərəfi bu gün də özünə gələ bilməyib. Düşmən tərəfinin hərbi rejimi həmişə olduğu kimi, yenə də həqiqətə uyğun olmayan məlumatları qəsdən erməni ictimaiyyətinə zorla yedirdir və onu informasiya vakkumunda saxlayır.
Bir çox beynəlxalq iqtisadi layihələrdən kənarda qalan Ermənistanın hərbi-siyasi rejimi daxili problemləri həll etmək əvəzinə, erməni xalqının fikrini əsas məsələlərdən yayındıraraq günahı Azərbaycan tərəfində görməyə üstünlük verir.
Ermənistanın hərbi potensialının və iqtisadiyyatının bütövlükdə ayrı-ayrı xarici dairələrin əlində cəmləşməsi, silahlanmadakı hərbi texnikanın döyüşə hazır vəziyyətdə olmaması və taktiki-texniki baxımdan köhnəlməsi, peşəkar hərbi təhsil sisteminin tam formalaşmaması, ordudakı intizamsızlıq, korrupsiya, qeyri-döyüş itkilərinin, yoluxucu xəstəliklərin, çağırışdan boyun qaçıranların sayının kəskin surətdə artması, demoqrafik vəziyyətlə əlaqədar hərbi hissələrdə və ön xətdə əsgər çatışmazlığı, bu səbəbdən də onların əvəzinə qeyri-peşəkar yerli əhalinin səngərlərdə istifadə edilməsi, müqaviləli xidmətə keçid adı altında kriminal keçmişə sahib və Ermənistanın müxtəlif oliqarx dairələrinin nəzarətində olan silahlı qruplaşmaların üzvlərinin orduya cəlb olunması qonşu dövlətin hərbi təhlükəsizlik sektorunun hansı vəziyyətdə olmasını açıq-aydın nümayiş etdirir.
Azərbaycan
Müdafiə Nazirliyi Ermənistan Müdafiə Nazirliyinin yaydığı bəyanatı ciddi qəbul
etmir və bunu ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qayğısı
nəticəsində Silahlı Qüvvələrimizin artan hərbi potensialı qarşısında ruhdan
düşən narazı erməni ictimaiyyətinə ünvanlanan təsəlli kimi qiymətləndirir".