Daha bir icra başçısı və onun ərazi-inzibati
dairələr üzrə rəsmi 32 nümayəndəsinin əksəriyyəti Kənd Təsərrüfatı Nazirliyi ilə Baş
Prokurorluğun hədəfinə gəlib.
Bu barədə Mia.az-a verilən məlumata
görə, İsmayıllının icra başçısı Mirdamət Sadıqov bu vəzifəyə qədər rektoru
olduğu Dövlət Aqrar Universitetində qazandığı "aqrar təcrübə”ni bu dəfə rəhbəri
olduğu rayonda tətbiq etməyə başlayıb:
"Artıq Mirdamət Sadıqov və onun kəndlər
üzrə rəsmi icra nümayəndələri haqda araşdırmaya başlanıb. Belə ki, Kənd Təsərrüfatı
Nazirliyinin rəhbərliyi İsmayıllının 32 kənd üzrə buğda əkini üçün ayrılmış 799
min 397 manat 20 qəpik vəsaitin ən azı 35-40 faizini saxta sənədlər tərtib
edilməklə mənimsənilməsi haqda ciddi şübhələrini təftiş etməyə qərar veriblər. Hətta
nazirlik bu şübhələrində əminliyi təmin etmək üçün İsmayıllının 5-6 kəndində monitorinqlər
də aparıb. Və bu zaman korrupsiya faktını təsdiq edən dəlillər ortaya çıxıb».
Məlumata görə, 32 kənd üzrə 5723 hektar buğda əkildiyi haqda sənədlər tərtib edən Mirdamət Sadıqovun yerli icra nümayəndələrindən ibarət komissiya ümumilikdə 19 min 984 hektar 93 sot buğda səpini aparıldığını rəsmi sənədlərdə qeyd ediblər: «Buna uyğun olaraq isə rayon üzrə 799 min 397 manat 20 qəpik pul ayrılıb. Lakin bu qədər hektara və ayrılan dəstək puluna rəğmən, məhsuldarlığın gözlənildiyindən kəskin aşağı olması nazirliyi hərəkətə gətirib. Elə bu fakt da Mirdamət Sadıqov, onun aqrar məsələlər üzrə müavini Həsən Həsənov və yerli icra nümayəndələrini qorxuya salıblar. Onlar buğda istehsalını statistik sənədlərdə şişirtməklə təqdim etməyə can atıblar ki, bu da daha bir dövləti qanunsuzluq sayıla bilər».
Onu da bildirək ki, İsmayılı rayonu üzrə ayrılmış 799.397.20 manat vəsaitin kəndbəkənd bütün sənədləri və əhalinin siyahısı Mia.az-a verilib və bununla bağlı qarşı tərəflə hələ ki danışa bilmədiyimizdən təfərrüatlara varmadıq.
***
İsmayıllı
rayon icra hakimiyyətinin başçısı Mirdamət Sadıqov "Unikal.org”a bildirib ki, rayonda heç bir yoxlama
aparılmır: "Rayonda hər şey qaydasındadır və tam
sakitlikdir. Biz burda cənab prezidentin tapşırıqlarına uyğun olaraq quruculuq
işləri ilə məşğuluq və bunu davam etdirməkdəyik. Yazılanlar isə bir daha
deyirəm ağ yalan olduğundan heç cavab verməyə də ehtiyac görmürəm”.
Qeyd edək ki, bu açıqlamaları İsmayıllı rayon İcra Hakimiyyəti Mia.az göndərib. Mia.az olaraq qarşı tərəfin sözügedən saytda yayımlanan mövqelərini rəsmi qəbil edib yayımladıq. Oxucuların diqqətinə çatdırırq ki, İsmayıllıya ayrılmış 799 min 397 manat vəsaiti özündə əks etdirən və redaksiyamızda olan sənədlərlə bağlı araşıdrmalarımız davam edəcək!
Mia.az