Bu gün Prezident İlham Əliyev iki sərəncam imzalayıb.
Mia.az həmin sərəncamları olduğu kimi təqdim edir:
***
Xızı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi
inkişafı Dövlət Proqramlarında Xızı rayonunda nəzərdə tutulmuş tədbirlərin
uğurla həyata keçirilməsi nəticəsində bir sıra mühüm əhəmiyyətli sosial məsələlər
öz həllini tapmış, təhsil, səhiyyə, mədəniyyət obyektləri, inzibati binalar
inşa edilmiş, iri infrastruktur layihələri həyata keçirilmiş, o cümlədən yol təsərrüfatının
yenidən qurulması, suvarma sistemlərinin yaradılması istiqamətində müəyyən işlər
görülmüş, sahibkarlığın inkişafına güclü təkan verilmiş, yeni iş yerləri
açılmışdır.
"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci
illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Xızı rayonu üzrə müəyyən
edilmiş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi, abadlıq-quruculuq
işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Xızı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi,
abadlıq-quruculuq işlərinin davam etdirilməsi, o cümlədən Xızı şəhər tam orta məktəbin
yeni binasının tikintisi məqsədi ilə Xızı Rayon İcra Hakimiyyətinə Azərbaycan
Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan
Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın
1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada
təmin etsin.
***
Bakı-Quba magistralı-Xızı
rayonunun Şuraabad qəsəbəsi avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər
haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Bakı-Quba magistralı-Xızı rayonunun Şuraabad qəsəbəsi
avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il
dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin
ehtiyat fondundan Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə 4,0 (dörd)
milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın
1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada
təmin etsin.