Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) bağlanış plenar sessiyası keçirilir.

Mia.az iclasdan canlı yayımı təqdim edir:

***

COP29-da inkişaf etməkdə olan ölkələrin, o cümlədən kiçik ada, ən az inkişaf etmiş və Afrika dövlətlərinin səbrsizliklə gözlədiyi İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən qərar qəbul olunub.

Mia.az xəbər verir ki, bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən iqlim dəyişmələrinin fəsadlarının kiçik ada ölkələrinə törətdiyi çətinliklərin həlli məsələsinin COP29 Sədrliyinin prioriteti kimi müəyyən edilməsinə uyğundur.

İtki və Zərər Fondunun (Loss and Damage Fund) yaradılması Misirdə keçirilmiş COP27 zamanı qərara alınmışdır. Fond iqlim dəyişmələrinin təsirlərinə ən həssas ölkələrə maliyyə yardımı göstərmək məqsədi daşıyır.

Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş COP28 zamanı Fondun fəaliyyətə başlaması ilə bağlı qərar qəbul olunub.

COP29 Sədrliyi və Zərər Fondunun fəaliyyətinin təmin edilməsi istiqamətində mühüm addımlar atıb, İdarə Heyəti və Dünya Bankı ilə sıx əməkdaşlıq edib. Cari ilin sentyabr ayında Fondun İdarə Heyətinin Bakıda keçirilmiş 3-cü iclası zamanı Fondun fəaliyyətə başlaması üçün vacib tədbirlər görülüb, Fondun icraçı direktoru vəzifəsinə İbrahima Şeyx Dionqun təyin edilib.

COP29 çərçivəsində isə İtki və Zərər Fondu ilə bağlı bir sıra mühüm sazişlər imzalanıb. Bunlar Fondun İdarə Heyəti ilə Dünya Bankı arasında “Qəyyumluq Sazişi” və “Katibliyin Ev Sahibliyi Sazişi”, eləcə də Fondun İdarə Heyəti ilə ev sahibi ölkə olan Filippin Respublikası arasında imzalanmış “Ev Sahibi Ölkəyə dair Saziş”dir.

Hazırda Fonda vəd edilən ümumi maliyyə dəstəyi məbləği 750 milyon ABŞ dollarından artıqdır.

Əldə edilən bu nailiyyətlərlərlə İtki və Zərər Fondu 2025-ci ildən etibarən layihələri maliyyələşdirə biləcək. Bu, Azərbaycanın COP29 Sədrliyinin növbəti uğurudur(Report).

***

COP29-da Paris Sazişinin 6-cı maddəsinin tam icrasına nail olunub, beynəlxalq karbon bazarları açılır.

Mia.az xəbər verir ki, COP29 Sədrliyi bu gün Paris Sazişinin 6-cı maddəsinə əsasən yüksək inteqrasiya olunmuş karbon bazarları üzrə danışıqları yekunlaşdırmaq üçün onillik gözləmə müddətinin başa çatdığını elan edib.

Qeyd edilir ki, bu, builki Sədrliyin əsas prioritetlərindən biri idi və intensiv texniki və siyasi danışıqlar vasitəsilə Tərəfləri bu mühüm nailiyyətə doğru sövq etdi. Bu strategiya illərlə davam edən çıxılmaz vəziyyəti aradan qaldırır və Paris Sazişinin son bəndini tamamlayır.

Sözügedən maddə iqlim məqsədlərinə nail olmaq istiqamətində əməkdaşlıq aparan ölkələr üçün möhkəm və şəffaf karbon bazarları təmin edir.

Bu transsərhəd əməkdaşlığın ölkələrin milli iqlim planlarının həyata keçirilməsi xərclərini ildə 250 milyard dollara qədər azaldacağı gözlənilir.

COP29 Sədrliyi Tərəfləri bu qənaətləri daha böyük iqlim ambisiyalarına təkrar investisiya etməyə çağırır. Fevralda təqdim olunacaq Milli səviyyədə müəyyən edilmiş töhfələrin növbəti nəsli, dünyanın 1,5 dərəcəni əlçatanlıqda saxlamaq ümidləri üçün çox vacibdir. Bugünkü mərhələ ölkələrə iqlim planlarında daha iddialı öhdəliklər götürməyə kömək edəcək.

COP29 prezidenti Muxtar Babayev deyib: “Biz onillik gözləməyə son qoyduq və 1,5 dərəcəni əlçatanlıqda saxlamaq üçün kritik aləti açdıq. İqlim dəyişikliyi transmilli məsələdir və 6-cı maddə transmilli həll yollarına imkan verəcək. Çünki atmosfer emissiyalara qənaətin harada əldə olunduğuna əhəmiyyət vermir”.

COP29-un baş danışıqçısı Yalçın Rəfiyev bildirib: “Bu gün biz iqlim diplomatiyasında ən mürəkkəb və texniki problemlərdən birini çözmüşük. 6-cı maddəni başa düşmək çətindir, lakin onun təsiri bizim gündəlik həyatımızda aydın olacaq. Bu, kömür elektrik stansiyalarının dayandırılması, külək stansiyalarının tikintisi və meşələrin salınması deməkdir. Bu, inkişaf etməkdə olan dünyada yeni investisiya dalğası deməkdir”.

Bildirilib ki, Qlazqo və Şarm əl-Şeyxdə keçirilən COP-larda karbon bazarları üçün mühüm qaydalar, şərtlər və prosedurlar müəyyən edilsə də, 6-cı maddənin yekun əsas elementləri həll edilməmiş qalırdı: "COP29-dan əvvəl bu danışıqlar dalana dirənmişdi və iqlim sahəsində daha sıx beynəlxalq əməkdaşlığa gedən yolda baha başa gələn gecikmələrə səbəb olmuşdu.

COP29 Sədrliyi əvvəlki çoxtərəfli çıxılmaz vəziyyətləri aradan qaldıran məqsədyönlü bir yanaşma tətbiq etdi. İlboyu Sədrlik Tərəflər arasında məhsuldar əlaqələri asanlaşdırdı və konsensusa nail olmaq üçün texniki və siyasi müzakirələri birləşdirərək irəliləyişə nail oldu. Bu, COP29-un ilk günündə 6.4-cü maddənin standartlarının erkən qəbulu üçün zəmin yaratdı və bugünkü nəticəyə zəmin yaratdı".

COP29 Sədrliyi bugünkü tərəqqiyə nail olmaq üçün on il ərzində yorulmadan çalışan şəxslərə və təşkilatlara təşəkkürünü bildirir: "Bu gün 6-cı maddə üzrə yekdilliklə qəbul olunan qərarlar karbon bazarlarının ekoloji bütövlüyünün, şəffaflığının və etibarlılığının real, artan, yoxlanılan və ölçülə bilən tullantıların azaldılması və çıxarılması yolu ilə təmin edilməsində və qlobal iqlim sərmayəsini artırmaq üçün onların böyük potensialının açılmasında əsas rol oynayacaq.

Qəbul edilmiş təlimat və qaydalar karbon layihələrinin praktiki və inklüziv qalmasını təmin etmək, insan hüquqlarına hörmət etmək və davamlı inkişafı dəstəkləmək, ölkələrə və layihə tərtibatçılarına Paris Sazişi çərçivəsində inamla əməkdaşlıq etməyə imkan vermək üçün nəzərdə tutulub. Bu qərarların verilməsi onların təkamülünün sonu demək deyil. Tərəflər təcrübədən öyrəndikləri kimi 6-cı maddənin qaydalarına davamlı olaraq düzəliş edə bilərlər".

***

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyasının yüksək səviyyəli təşkilinə görə Azərbaycana rəsmi təşəkkür elan edilməsi barədə qətnamə layihəsi qəbul olunub.

Mia.az xəbər verir ki, COP29-un prezidenti Muxtar Babayev layihəni səsverməyə çıxarmağı təklif edib.

Nəticədə qətnamə layihəsi təsdiq edilib.

Qeyd edək ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə bağlı qərar COP28-in 2023-cü ilin dekabrın 11-də keçirilən plenar iclasında verilib. Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) noyabrın 11-də başlayıb. COP29 Sədrliyi Fəaliyyət Gündəliyi çərçivəsində qlobal təşəbbüsləri elan edib. Sədrlik tərəfindən irəli sürülən təşəbbüslərin məqsədi iqlim fəaliyyətini irəlilətmək, tərəf olmayan maraqlı tərəflərin fəal iştirakını təşviq etmək və iqlim dəyişmələri ilə bağlı ambisiyaları artırmaq və fəaliyyətə təkan verməkdir.

Tədbirin ilk günü COP29-un rəsmi açılış mərasimi olub. Sonra dünya liderlərinin İqlim Fəaliyyətinin Təqdimatı baş tutub.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyanın tərəf dövlətlərindən 80-ə yaxın dövlət və hökumət başçısı COP29 çərçivəsində Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitinin yüksək səviyyəli seqmentində rəsmi bəyanatlarla çıxış edib. Noyabrın 13-də dövlət və hökumət başçılarının çıxışları davam edib.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransı 1995-ci ildən hər il keçirilir. Tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. 1990-cı illərin ortalarından başlayaraq konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə tullantılarının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən Kioto Protokolu müzakirə olunmuşdu. 2011-2015-ci illərdə keçirilən sessiyalarda iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd hesab olunan Paris Sazişi müzakirə edilib və 2015-ci ildə qəbul olunub. Razılaşmaya bu günədək 195 ölkə, o cümlədən Azərbaycan da qoşulub.