Beynəlxalq Cinayət Məhkəməsi (BCM) İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantla bağlı sensasiyalı hökm çıxarıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hökmlə bağlı BCM xüsusi açıqlama yayıb.

Qeyd edilib ki, Netanyahu və Qalant barədə Qəzzada törətdikləri hərbi və insanlığa qarşı cinayətlərə görə həbs qərarı verilib.

Məhkəmə həmçinin İsrailin BCM-nin yurisdiksiyasına etirazını rədd edərək, Fələstin ərazisində törədilən cinayətlər baxışın onun yurisdiksiyasında olduğuna hökm edib.

Qərarda hər iki şübhəlinin Qəzzada ötənbir ildə baş verən insan itkiləri ilə yanaşı, dinc əhaliyə qida, su, dərman, yanacaq və elektrik kimi həyati əhəmiyyət kəsb edən ləvazimatların çatdırılmasına qəsdən mane olduğu da vurğulanıb.

Bəs, həbs qərarı necə icra olunacaq?

Məlumata görə, BCM-nin verdiyi həbs orderlərinin icrası Roma Nizamnaməsinin 86 və 87-ci maddələrinə uyğun olaraq tərəf ölkələrin məsuliyyətidir.

Nizamnamənin 89-cu maddəsinə əsasən, Netanyahu və Qallant BCM-nin iştirakçısı olan hər hansı ölkəyə səfər edərlərsə, həmin ölkənin səlahiyyətli orqanları onları həbs edib Haaqa məhkəməsinə verməlidir.

Yeri gəlmişkən, bu məhkəmənin əvvəllər çıxardığı həbs qərarlarının icrasında ikitirəliklər olub. Belə ki, Sudanın keçmiş lideri Ömər əl-Bəşirin həbsinə dair order Cənubi Afrika və İordaniya tərəfindən, Rusiya prezidenti Vladimir Putin haqqında hökm isə Monqolustan tərəfindən icra olunmayıb.

Bununla belə, həbs qərarı şübhəlilərin hərəkət azadlığını praktiki olaraq məhdudlaşdırır. İddia olunur ki, Putin barəsində həbs qərarı çıxarıldığı üçün BRİKS sammiti üçün o, Cənubi Afrikaya getməkdən yayınıb.

Bildirilir ki, Netanyahu və Qallant həmçinin Kanada, Avstraliya, İngiltərə, Fransa, Almaniya, Hollandiya, Belçika və İsveç kimi ölkələrin daxil olduğu 124 üzv ölkəsinə də səfərlərə gedə bilməyəcəklər.

Lamiyə Əhmədli

MİA.AZ