"Qarabağ" Futbol Klubunun baş məşqçisi Qurban Qurbanov mia.az saytının suallarını cavablandırıb.

Baş məşqçi əvvəlcə "Sabah"la dünənki oyunda qol vuran Toral bayramovun qoldan  sona azarkeşlərə ünvanlı "sus" işarəsinə aydınlıq gətirib.

- Toral Bayramov qol vurandan sonra azarkeşlərə əl işarəsi ilə bir mesaj göndərdi. Yəni, "susun, arxamca danışmayın", - kimi yozulur bu əl işarəsi, məncə. Biz, eləcə də azarkeşlər onun  bir neçə gün əvvəl "Tottenham"la görüşdə buraxdığı, vura bilmədiyi penaltini yaxşı xatırlayırıq. Nə deyə bilərsiniz bu barədə? Siz özünüz azarkeşlərə böyük əhəmiyyət verən adamsınız. Mənimlə söhbətdə bir dəfə dediniz ki, "Azarkeşlər stadionların bəzəyidi". Bəs nədən bu qol sevincini azarkeşlərə bu formada çatdırmaq zərurəti yaranır?

- Əvvəla, mən Toralın nə çür jest elədiyini görmədim. Yəqin barmağını "susmaq" formasında göstərib. Bunu da eləməyən futbolçu yoxdu.  Amma inanmıram ki, Toral azarkeşlərə dediyiniz mesajı göndərmək və hörmətsizlik etmək istəyib. Özü də Toral hər kəsə hörmətlə yanaşan futbolçudu. Bəlkə hansısa bir dostu, yaxud tanışına nəsə demək istəyib. Çünki onun azarkeşlərə hörmətsizlik etməsi mümkün deyil. Ona görə də provokasiyaya getmək lazım deyil. Azarkeşlərə də bunu belə formada çatdırmaq lazım deyil. Çünki hər hansı kiçik fikir böyüyə bilər və komandaya, futbolçuya olan sevgiyə, inama təsir edə bilər. Ümumiyyətlə, mən düşünürəm ki, belə sualları vermək lazım deyil. Çünki futbolda o qədər jestlər var ki, olsun, lap elə "susun" işarəsi edə bilərlər. Mən, məsələn, əslində, o "susun" işarəsinin də nə çür qəbul edildiyini bilmirəm. İnanmıram ki, Toral bunu hörmətsizlik olaraq göstərsin. Əksinə, Toral elə futbolçudu ki, kommunikasiyanı, ünsiyyəti sevir, hamıya xoş görünməyə çalışır. Nə vaxt müsahibə üçün zəng edirsən, deyir, "problem yoxdu". Ona görə də Toralın haqqında belə fikir formalaşdırmaq qətiyyən lazım deyil. Mən Toralı yaxşı tanıyıram.

- Qurban müəllim, hakim İnqilab Məmmədov sizə sarı vərəqə göstərdi. Onunla mübahisənin səbəbi nə idi?

- Bəli, mən hakimə iradımı bildirdim. Çünki bəzən olduğumuz yerdən bizim baxışımız fərqlənir. Məsələn, biz deyirik ki, hansısa epizodda cərimə zərbəsi təyin olunmalıdı, amma hakim fərqli qərar verir. Siz gördünüz ki, sonda oyunun tempi qalxdı. Bəzi epizodlar vardı ki, hakim oyunu saxlamadı. Cərimə varsa, vurulmalıdı. Mən də belə hallara etirazımı bildirdim. Hakim də sağ olsun, heç vaxt itirmədən gəlib mənə sarı kartı göstərdi. Yəni, qəhrəmanlıq elədi. 

Bilirsiniz ki, futbol emosiyalarla doludu. Ümumiyyətlə, xaricdə də futbol oyunlarını nəzərdən keçirəndə görürsən ki, azarkeşlərin bəziləri oyuna əylənmək, istirahət etmək, vaxt keçirmək, emosiyalarını ifadə etməkçün gəlir. Baxırsan ki, biri hakimə, o biri futbolçulara, məşqçilərə replika atır.

Hərə bir formada futboldan ləzzət alır. Amma hər dəfə səsimizi çıxaran kimi sarı vərəqəni göstərmək, yaxud qaçıb yanımıza gəlmək nə dərəcədə doğrudu? Hakimlərimizin hər birini tanıyıram, hörmətim var, xətrini çox istəyirəm, tanınmış insanlardı, bundan sonra daha da yüksəlsinlər. Amma təkcə mənə yox, digər məşqçiləri də nəzərdə tutaraq demək istəyirəm ki, hər epizoda görə sarı, ya da qırmızı vərəqə verəcəklərsə, bunun tərəfdarı deyiləm və doğru hesab etmirəm. Bu futbolçuları biz hazırlayırıq. Yaxın durmayaq onlara? Niyə bir sədd qoyulmalıdı ortaya?

 Bəzən ola bilər, bizə qarşı sərt oynayırlar, amma hakim epizodu buraxır, nəzərə almır, ola bilər belə hallar. Kompromisə gedirik belə hallarda. Amma bir sözə görə sarı vərəqəni göstərmək  doğru deyildi məncə. İnanın ki, ondan sonra gözümün önündə mənim düşündüyümə görə cərimə zərbəsi təyin edilməli hal baş verdi, amma hakim cəriməni təyin eləmədi, mən heç səsimi də çıxarmadım hakimə. Çünki ondan qabaq cavabımı vermişdi. Ümumiyyətlə, mən hakimlərə münasibətdə həmişə passiv mövqedə olmuşam, amma onlar çalışmalıdı ki, oyun dayanmasın, dinamik olsun. Əgər avrokubok oyunlarına can atırıqsa, burada da fasiləsiz, dinamik oyun keçirməkdə maraqlı olmalıyıq.

Zülfiyyə Mustafayeva

MİA.AZ