Zəngəzur dəhlizi ilə bağlı müzakirələrin fonunda sözügedən yola hansısa özəl hərbi şirkətin nəzarət etməsi təklifi tez-tez gündəmə gəlir.

Son olaraq Ermənistan XİN rəhbəri Ararat Mirzoyan bu barədə müsbət fikir səsləndirib.

Lakin “özəl hərbi şirkət” versiyası Bakının maraqlarına cavab vermir. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin bununla bağlı açıqlaması diqqət çəkir.

Sitat:

“Hər iki ölkə ərazisində xarici özəl şirkətin prosesə cəlb olunması barədə fikirlərlə bağlı qeyd edək ki, Azərbaycan heç zaman öz ərazisində üçüncü tərəfin prosesə cəlb olunması barədə müzakirə aparmayıb. Əgər Ermənistan tərəfi həqiqətən də bölgədə kommunikasiyaların açılmasında maraqlıdırsa, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir”.

Azərbaycan bu təklifi iki səbəbdən qəbul etmir:

Birincisi, təklif yenidir və təktərəfli irəli sürülüb. Yəni Ermənsitan bu təklifi irəli sürərkən sadəcə öz maraqlarını nəzərə alıb. Halbuki 10 noyabr bəyanatı Ermənistan, Azərbaycan və Rusiya arasında imzalanıb. Həmin bəyanatda kommunikasiyaların açılmasının necə və hansı yolla olacağı açıq-aydın göstərilib. Bakı fərqindədir ki, İrəvan bu təkliflə həm 10 noyabr bəyanatındakı öhdəlikdən yayınmaq, həm də sülh gündəliyini dəyişmək istəyir.

İkincisi, Ermənsitanın təklif etdiyi “xarici özəl şirkət” məsələsi etibarsızdır və təhlükəsizlik problemlərini tam həll etmir. Ümumiyyətlə, dünyada bir çox xüsusi hərbi şirkət var. Lakin bəzi şirkətlər daha çox ön plana çıxır:

Academi (Blackwater): ABŞ mərkəzli bu hərbi şirkət xüsusilə İraq və Əfqanıstanda təhlükəsizlik və logistika xidmətləri təqdim etməklə tanınır.

G4S: İngiltərə mərkəzli G4S dünya üzrə təhlükəsizlik və xidmət həlləri təqdim edən şirkətdir. Xüsusilə hökumətlər və korporativ müştərilərə xidmət edir.

Triple Canopy: ABŞ mərkəzli “Triple Canopy” təhlükəsizlik, kəşfiyyat və logistika xidmətləri təqdim edən hərbi şirkətdir. Xüsusilə Yaxın Şərqdə fəaliyyət göstərir.

Siyahını uzatmaq olar. Bu şirkətlər adətən hökumətlər, korporativ şirkətlər və ya digər müştərilər üçün müxtəlif hərbi və təhlükəsizlik xidmətləri təqdim edir. Bununla belə, xüsusi hərbi şirkətlər müxtəlif mübahisələrin mərkəzində yer alır. Haqlarında saysız tənqid, şikayətlər var. Bəzi xüsusi hərbi şirkətlər müştəriləri üçün çalışarkən insan hüquqlarını pozmaqdan çəkinmir. Bundan başqa, dövlət qurumlarına nisbətən daha az hesabatlılığı var. Bu, pis niyyətli və ya qanunsuz fəaliyyətlərin qarşısını almağı çətinləşdirə bilər.

Daha bir problem isə budur ki, xüsusi hərbi şirkətlər təhlükəsizlik və məxfilik tədbirləri alır, həyata keçirdikləri işlər tez-tez ictimaiyyətdən və mətbuatdan uzaq tutulur. Buna görə də fəaliyyətləri barədə tam məlumat əldə etmək çətin olur.

Nəticə etibarilə rəsmi Bakının İrəvanın təklifi ilə razılaşmamaq üçün kifayət qədər əsası var. Yəni Azərbaycan 10 noyabr bəyanatına sadiq olduğunu, prosesin bu istiqmətdə həllində maraqlı olduğunu bir daha bəyan edir. Ən azından bu, optimal, qarşılıqlı maraqları özündə ehtiva edəcək alternativ təklif olanadək belə olacaq.

Turan Rzayev

MİA.AZ