“Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov indi vəzifəsini necə yerinə yetirirsə, nazir olsa, onda da bu cür yerinə yetirəcək. Şəhərdə dəyişiklik var. Sözün düzü, şəhərə o qədər də çıxmıram. Amma yaxşı restoranlar, kafelər açılıb, şəhər yaxşıdır, pis deyil. Kim gəlirsə, Bakıya valeh olur. Təmizlik, bir çox bağların bərpası, ağaclar əkilməsi... Küçələrdə zibil azdır. Sadəcə, tikinti gedən ərazilərdə zibil var. Mədəniyyət şəhərdən başlamalıdır, Eldaz Əzizov da başlayıb. Onu mədəniyyət naziri təyin etsələr, bəlkə, teatrların, kino sahəsinin vəziyyəti düzələr. Çünki bu sahədə mənzərə ürəkaçan deyil. Hazırda ancaq köhnə kinolara baxıram. Həsədlə baxırıq ki, nə gözəl kinolarımız olub. 30-40 il əvvəl Azərbaycan Dövlət Musiqili Dram Teatrının bir dənə belə olsun primyerasını ötürmürdüm. Mədəniyyət naziri buna fikir verməlidir. Niyə bu gün teatrlar acınacaqlı vəziyyətdədir? Aktyorlar yoxdur? Yeni aktyorlar gətirsinlər. Yenilik göstərsinlər. Adı yox, özü “mədəniyyət naziri” olsun”.
Mia.az-ın məlumatına gərə, bu sözləri Pravda.az-a müsahibəsində hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.
O bildirib ki, 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərindən sonra hökumətdə kadr dəyişikliyi olacağı barədə məlumatsızdır: “Çünki Prezident seçkilərdən sonra bütün nazirlər istefa vermişdi. Sonra hamısı qayıtdı, təkcə Fikrət Məmmədov öz ərizəsi ilə çıxdı. İnanmıram ki, yeni dəyişikliklər olar. Vəziyyət çox gərgindir. Amerika Ermənistanda oturub, İranı güdür. Eyni zamanda axı ermənilər üçün əsgər də gətirib. Yaxşı oldu ki, Rusiya öz ayağı ilə yanımıza gəldi. Həmişə bütün dövlətlər rusun əlinin altında idilər. Putin isə özü bizim Prezidentimizin yanına gəldi. Buna görə də, bəlkə, xırda vəzifələrlə bağlı dəyişiklik olar. Amma güc strukturlarını dünyasında dəyişməzlər. Həmişə hamımız birlikdə olmalıyıq...”