Filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Həsənovanın sosial mediada (EDNEWS.NET) getmiş “İki ömür haqqında bir hekayə”si həcmcə kiçik olsa da, böyük ağırlıq tutumu daşıyan, bir ailənin timsalında xalqın faciəsini əks etdirən, 33 il qəlbimizdə, ruhumuzda həsrət kimi yaşadığımız anları, illəri xatırladan və o illərdə doğmalarımızı müxtəlif zaman və məkanlarda itirdiklərimizi əks etdirir.
Könül xanım uşaq illərinə dönüb Vətən həsrəti ilə qovrulan babasının qəhər və gözyaşlarını, onun ağrılarını böyük sevgi ilə xatırlayır, mahiyyət və anlamını isə anasının dili ilə, ondan öyrəndiyi şəkildə hekayələşdirir. Əslində, baba Hüseynov Əyyub Museyib oğlu bir elin, bir obanın − Dərələyəz mahalının sayılıb-seçilən mükəmməl bir ziyalısı, tanınan və sevilən pedaqoqu olsa da, burada Vətən həsrəti çəkən, qaçqınlıq həyatının acısını özü ilə o dünyaya aparan minlərlə insanın obrazını əhatə edir.
Müəllif həmin obrazın − babasının son nəfəsində ikən istək, arzu və ifadələrini anasının dilində ifadə edir:
“Yadınızdan çıxmasın, ölüm-itim dünyasıdır. Bu ermənilərə inanmaq olmaz, onlar öz işlədiyimiz halal əməkhaqqımızdan hər ay tutub Eçmiədzinə köçürürdülər. Guya kilsəyə kömək idi bu. Sən demə, öz pulumuzla silah alıb özümüzə tuşlayacaqmışlar. Süfrəmizdə əyləşib bizə düşmən kəsildilər, gəmiyə minib, gəmiçi ilə yola getmədilər, “Özümə yer edim, gör sənə nələr edəcəyəm” − dedilər. Ev-eşiyimizə, var-dövlətimizə yiyə çıxdılar, bizi pərsəng saldılar, qəbirlərimizi girov qaldı, bala! Biz necə qayıdacağıq həmən yerlərə, bu beləcə nə vaxta qədər qala bilər? Onların havadarları − ilana zəhər verən kərtənkələlər çoxdur, gözümüzün içinə baxa-baxa silahlandırdılar, bu nankorlar isə etdiklərinin cəzasını görmədikcə həyasızlaşdılar. Onlar üçün uydurulan yalanlarlara inanıb ömrü boyu xəyallarında qurduqları “Böyük Ermənistan” sevdası ilə yol getdilər, həqiqəti deyən azsayda özününkülərini daşqalaq etdilər. Dünya malı üçün şeytana yoldaş olan alimləri, siyasətçiləri, onları qəflət yuxusundan ayıltmaq əvəzinə, zəhər üstündən zəhər içizdirdilər, guya ki, dünyada hərşeydən üstün bildikləri xalqı qaynar qazanın içinə atdılar. Xalq bu yalanların içində çırpınır. İndi görərsiniz, bala, “Çalxalandıqca, bulandıqca zaman nehrə kimi, yağı yağ üstündə qalar, ayranı ayranlıq olacaq”. Bu bədbəxt xalq nə zamansa ayılacaq, hesab-kitab soracaq, amma onda gec olacaq, çox gec. İlahi, sən özün bu işləri yoluna qoy!”
Hekayədə 1988-ci ilin oktyabr ayından Ermənistan yaşayış məkanlarımızdan, o cümlədən, Dərələyəz mahalından azərbaycanlıların kütləvi çıxarılması bədii reallıqlarla ifadə olunur.
Hamıya bəlli vahiməli günlər insanların dilində qorxunc və ümidsiz səslənir: “Bizi niyə çıxarırlar?”, “Kim çıxarır?”, “İndi nə edək?”, “İlahi, sən özün kömək ol bizə!” və s.
Gənc alimin qələmində qaçqınlıq və köç səhnələri müdrik bir elm, təhsil və ədəbiyyat insanı olan ananın yaddaş çözüntüləri kimi çox sızıltılı və üzücüdür.
Oxuyuruq: “Gecənin birində səhərə yaxın qapımızda bir maşın dayandı. Onda biz Mehdiabadda yaşayırdıq. Hay-küy və ağlaşma səsinə çölə çıxdıq. Maşının banında ev əşyaları, kabinəsində isə bütöv bir ailənin üst-üstə qalandığını görmək onların hansı vəziyyətdə gəlməsindən danışırdı. Payızın soyuq günləri, qışın ilk əlamətlərinin özünü göstərməsinə baxmayaraq, onlar elə ev paltarındaca maşına doluşmuşdular...”
Bu arada deyim ki, maşından ev əşyalarının boşaldılması zamanı ananın dördayaq (duvax) və oxlovu diqqəti çəkməsi və onunla bağlı xatirələr söyləməsi, acılı günləri əks etdirən hekayəyə bir şirinlik qatır. Ana təndirdə çörək bişirilməsi üçün lazım olan hazırlıqları, çır-çırpıntının toplanmasını, xəmirin yoğurulmasını, üstünün örtülüb acıya qoyulmasını, kündələrin tutulmasını, çörəkbişirən qadının qollarına qovçaq geyinməsini, təndir başında qız-gəlinlərin, uşaqların sapsarı inək yağından və motal pendirindən yaxmac-dürməklər yeməsini xatırlayır. Odur ki, dördayaq (duvax) və oxlovun təmiz və səliqəli, əl dəyməyən bir yerdə saxlanmasını tövsiyə edir. Bu əhvalat anaya gənclik illərini, gəlinliyini, Dərələyəzdə keçən günlərini xatırladır.
Hekayənin məğzi sərlövhəsindədir. İki canciyər insandan söhbət gedir. Vətən, yurd həsrəti ilə bu dünyadan köç edib Mehdiabad qəbirstanlığında dəfn olunan Əyyub babadan və bir də... Və bir də müəllif, istedadlı alimimiz Könül xanımın vaxtsız dünyadan köç edən Nəriman ATASINDAN!
İnşallah, arzu olunan kimi zaman gələr ata babanın əbədi məkanı olan yerə köçürülər.
Səxavət Tağlar,
Əməkdar müəllim, Prezident təqaüdçüsü
MİA.AZ