"Ağadadaş müəllimlə bağlı görüntüləri gördüm, heç istəməzdim belə olsun, xətrini çox istəyirəm, yerini bilən, ədəb-ərkanlı insandır. İxtisasca müəllimdir, illərdir sənətdədir, yaşı 70-ə yaxınlaşıb, səhhətində problemlər var, uzun müddət Türkiyədə müalicə alıb. Hər zaman böyüklüyünü görmüşəm. Onu necə hövsələdən çıxarıblarsa, bu vəziyyətə düşüb".
Bu sözləri müğənni Nadir Qafarzadə xalq artisti Ağadadaş Ağayevin gözətçi ilə baltalı davasına münasibət bildirərkən deyib.
"Günah kimdədir bilmirəm, hətta günah Ağadadaş müəllimdə olsa belə, böyüklərlə incə davranmalıyıq. Hamımız qocalacağıq, insandır, hövsələdən çıxa bilər, xəstəlikdən sonra müəyyən travmalar qala, əsəblər yerində olmaya bilər. Mən şəxsən ağsaqqala əl qaldırmazdım. İndi müasirlikdir, təəssüf ki, deyirlər, basıb ağsaqqalı da döyməlisən, ağbirçəyin də üzünə söyməlisən, niyə avtobusda onlara yer verməliyik, biz də pul verib gedirik, onlar da. Bu nə düşüncədir? Dəyərlərimizə görə böyük-kiçik yeri həmişə olub", - söyləyib(Teleqraf.com)