Bu gün 17.00 radələrindən başlayaraq Siyəzən rayonunun Kiçik Həmyə kəndi ərazisindəki meşə massivində böyük yanğın başlayıb.

ANS PRESS-in məlumatına görə, bu haqda informasiyanı Siyəzən Fövqəladə Hallar Komissiyasının sədri, Siyəzən RİH başçısının müavini Zəfər Əliyev yayıb.

Onun sözlərinə görə, yanğını söndürmək üçün FHN-in Siyəzən rayon dövlət yanğından mühafizə xidmətindən, Sumqayıtdan və qonşu Şabran və Xaçmaz rayonlarının hər birindən 2 yanğınsöndürən maşın əraziyə cəlb edilib.

Rayon ərazisindəki su maşınları da meşə massivinin söndürülməsi əməliyyatında iştirak edirlər. 

FHN-in xəttilə yanğın ocağına helikopterlərin də cəlb ediləcəyi gözlənilir.

Yanğının başlamasına səbəb kimi havaların isti keçməsi göstərilir.

Meşə massivində başlayan yanğının yaşayış evlərinə keçməməsi üçün ərazidə qabaqlayıcı tədbirlər görülür.