Azərbaycan mobil rabitə bazarının lideri
Azercell Telekom fəaliyyətə başladığı gündən gənclərin elm və təhsilinin
inkişafı üçün bir sıra uğurlu layihələr həyata keçirib. Bu layihələr sırasında
ölkə universitetlərində 3G və 4G laboratoriyalarının quraşdırılması, Barama
İnnovasiya Mərkəzi nəzdində reallaşan saysız uğurlu layihələr, Tələbə Təcrübə və
Tələbə Təqaüd proqramlarını xüsusilə qeyd etmək olar. Azercell Telekom MMC tələbələr
üçün növbəti təqaüd proqramına start verib. Bu ilin iyulun 1-dən başlayan Tələbə
Təqaüd proqramının məqsədi müvəffəqiyyətlə təhsil alan və fərqlənməyi bacaran tələbələrə
xüsusi qayğı nümayiş etdirmək, yüksək potensiala malik gənclərin peşəkar kimi
formalaşmasına dəstək olmaqdan ibarətdir. Bütün seçim turlarının uğurla başa
vuran tələbələr Azercell şirkəti tərəfindən cari ali təhsil müddətinin sonunadək
şirkət tərəfindən müəyyənləşdirilmiş aylıq tələbə təqaüdünü almaqla yanaşı,
telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə
və sosial fəaliyyətlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və
şirkətdə iş təcrübəsini keçmək imkanını əldə edəcəklər.
Tələbə Təqaüd Proqramına Azərbaycanın ali təhsil ocaqlarının son iki kursunda təhsil
alan tələbələr müraciət edə bilər. Seçim mərhələlərinin gedişi və nəticəsi
haqqında məlumat namizədlərin elektron poçtuna göndəriləcək. Seçim prosesi
zamanı marketinq və ya informasiya kommunikasiya texnologiyaları sahəsində təhsil
alanlara üstünlük veriləcəkdir. Tələbə Təqaüd Proqramına müraciət etmək üçün
şirkətin rəsmi səhifəsinin Karyera bölməsindəki
(http://www.azercell.com/az/company/career/development_oportunities/)
"Tələbə Proqramı” səhifəsinə daxil olmaq lazımdır. Ərizələr yalnız onlayn
rejimdə qəbul edilir. Müraciətlərin son qəbul tarixi - 31 iyul 2014-cü il
tarixidir.
Qeyd edək ki, Azərbaycanlı tələbələr tərəfindən çox maraqla qarşılanan bu
proqramı 2008-ci ildən etibarən hər tədris ilində təqdim edilir. Bu müddət ərzində
Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 50-dən çox tələbə
Azercell-in təqaüdçüsü adına layiq görülüb. Onlar Azercell-dən təqaüd almaqla
yanaşı, həm də şirkətin mütəxəssislərinin yardımı ilə gələcək karyeraları üçün əvəzedilməz
təcrübə qazanıblar.