İkinci qrup Qarabağ müharibəsi əlili Əhməd Rəhmanov qanunsuz olaraq
ixtisara salındığı üçün keçmiş iş yeri olan "Azəriqaz" İstehsalat
Birliyi və Nəsimi QİS ilə məhkəmədən qalib ayrılıb.
Bu barədə Mia.az açıqlama verən Ə.Rəhmanov deyib ki, iddiasına Xətai rayon Məhkəməsində hakim Səadət Səlimovanın sədrliyi ilə baxılıb: "Çox sağ olsun ki, hakim iddia ərizəmlə bağlı bütün sənədləri araşdıraraq, tam obyektiv qərar verdi. Məhkəmə qərarı ilə işə bərpa edildim”.
Ə.Rəhmanov deyir ki, 17 il "Azəriqaz" ASC-nin Nəsimi rayon Qaz İstismar Sahəsinin qəza xidmətində çilingər vəzifəsində işləyib: "Artıq bir aydan çoxdur ki, mən və digər Qarabağ əlili Adil Süleymanov işsizik. İxtisar zamanı idarə rəhbərliyi Əmək Məcəlləsini pozdu. Burada göstərilir ki, şəhid ailələri, müharibə əlilləri, başqa imtiyazlılar ixtisar zamanı üstünlüyə malikdirlər və belə işçiləri ixtisara salmaq qadağandır. İdarə rəhbərliyi əlilləri işdən çıxararaq yerimizə başqa işçilər götürüb. İdarə rəhbərliyinin şərtinə görə, əgər əlillər könüllü ərizə yazıb maaşlarının 5 mislini götürüb getməsələr, bizə maaşımızın yalnız 1 misli ödənilərək işdən çıxaracaqlarını bildirdilər. Mən də yazmadım və buna görə qanunsuz olaraq işdən azad edilmişdim. Şükür ki, məhkəmə qanuni haqqımızı bərpa etdi".
Sonda isə müsahibimiz "Qarabag müharibəsi əlilləri və Veteranları Cəmiyyəti " İB-nin adından "Azəriqaz"ın Bakı Şəhəri Nəsimi rayon şöbəsinin etdiyi qanunsuzluqları, eyni zamanda, sənədlərin düzgün tərtib edilmədiyini üzə çıxarması və ədalətli qətnamə verdiyinə görə Xətai rayon Məhkəməsinin hakimi Səadət Səlimovaya və Dövlət Əmək Müfəttişliyinin Baş əmək müfəttişi Əlif Ayaz oğlu Baxşıyev xüsusi minnətdarlığını bildirib.