"İsrail Qəzza sərhədindən çəkilməsə, Rəfah Sərhəd Qapısını açmayacağıq".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Misir xarici İşlər Nazirliyinin rəsmiləri ABŞ və İsrailli həmkarları ilə görüşdə növbəti dəfə təkrarlayıblar.

Məlumata görə, sərhəd qapısını işğal etdikdən sonra İsrail və ABŞ Qəzzaya açılan əsas sərhəd məntəqəsi sayılan Rəfah Sərhəd Qapısından bölgəyə özlərinn nəzarəti ilə yardım buraxılmasını istəsə də, rəsmi Qahirə ümumiyətlə, məntəqəni öz tərəfindən açmamaqda qərarlı mövqeyini qoruyur.

Misir Dövlət Televiziyasından bildirilib ki, may ayının 7-dən etibarən rəsmi tel-Əviv Vaşinqtonun dəstəyi ilə Misiri yola gətirməyə çalışır: "Lakin Misir ABŞ və İsrail rəsmiləri ilə növbəti görüşdə də şərtini təkralayıb. Əgər İsrail hərbçiləri Misirlə sərhəddən, o cümlədən Rəfah Sərhəd Qapısından geri çəkilməyəcəksə, sərhəd heç vaxt açılmayacaq. Bu, rəsmi Qahirənin qəti və dəyişilməz mövqeyidir".

Xəbərdə o da deyilir ki, hazırda 350 yük maşını Qəzzada Rəfah Sərhəd Qapısı vasitəsilə ərzaq, tibbi yardım və yanacaq yardımı çatdırmaq üçün Misir tərəfdə gözləyir: "İsrail istəyir ki, biz bu maşınları buraxmaqla, insanları işğala alışdırsın. Bu, olmayacaq".

Telekanal Qəzza camaatının Qahirənin nədən belə davrandığını anladığını da bildirib.

Xatırladaq ki, İsrail ordusu mayın 7-də Rəfahda əmliyyata başlayıb və qısa zamanda Misirlə sərhəd qapısını  ələ keçirib.

Onu da qeyd edək ki, bir neçə gün əvvəl orada Misir əsgərləri ilə israilli hərbçilər arasnda toqquşma olub. Nəticədə hər iki tərəfdən ölən və yaralanan olsa da, tərəflər bu barədə mediaya informasiya verməkdə xəsislik ediblər...

Firudin Səfərli

MİA.AZ