“Yaxşı sənətkar həmişə abrına qısılıb, özünə, sənətinə hörmət edib. Amma onları küsdürüb, incidib, haqsızlıqlarla qarşı-qarşıya qoyub, meydandan uzaqlaşdırıblar”.
Mia.az-ın məlumatına görə, bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış müğənni Tacir Şahmalıoğlu deyib.
O, hər zaman əsl sənətkarların haqsızlıqlara uğradığını təəssüf hissi ilə bildirib. Şahmalıoğlu vaxtilə özünün də inciyib küsdüyünü, lakin bunun çıxış yolu olmadığını etiraf edib:
“Əzəldən belə olub, sənəti Allah vergisi olan sənətkarları boğublar, ürəklərincə oxumağa qoymayıblar, lazımsız sənətçilərin ayağına veriblər. 10-15 il əvvəl cavanlıq havasında idim, bir az çılğınlıq edirdim. Efirlərdən küsürdüm, verilişlərə getmirdim. İnciyirdim ki, axı məndə Allah vergisidir, niyə belə münasibət göstərirlər? Sonradan gördüm ki, küsmək çıxış yolu deyil. Çıxış yolu elə mübarizə aparmaqdır, bundan o tərəfə yol yoxdur. Yaxşı sənətkarla pis rəftar olunanda, o küsüb gedirsə, bu acizlikdir. Mən də elə olmadım. Baxdım ki, küsüb getmək o deməkdir ki, meydanı sənətdən xəbəri olmayan insanlara buraxıb gedirsən. Sona qədər sənətdə mübarizə aparmaq lazımdır. Nə vaxtsa haqq yerini tapacaq. 20 ildə bundan sonra musiqi aləminə yeni sənətçilər gələcək. Nə vaxtsa onların da içərisində çıxıb ortalığa mənim heykəlimi qoyacaqlar. Bu gün isə yalnız sənətlə sonuna qədər mübarizədəyəm. Sona qədər təsdiq edəcəyəm ki, oxumaq başqa şeydir, Allah vergisi başqa şeydir”.
O, sənətkarın heç vaxt qalmaqala ehtiyacının olmadığını da bildirib: “Sənəti olan qalmaqalla gündəmə gəlməz, sənəti var, oxuyur, ürəyini boşaldır. Qalmaqala onun nə ehtiyacı var. Amma sənəti olmayanlar qalmaqalla məşğuldur. Təəssüflər olsun ki, bu gün musiqimizi cılızlaşdırıblar. Bu gün oxunan musiqilər özgə ladlardadır. Bizim dahi bəstəkarlarımızın musiqiləri var, onların bizə yadigar qoyduqları musiqiləri təbliğ etməliyik. Bayağı mahnılar ifa olunur, çoxları da elə bilir ki, yəqin əsl musiqi elə bunladır. Hərə 30-40 mahnı oxuyub, düşüblər toyların canına. Musiqimizi bərbad vəziyyətə qoyublar. Amma mən hər zaman Azərbaycan musiqisini layiqincə təmsil və təbliğ edəcəyəm. Heç bir maneə bu yolda mənim qarşımı kəsə bilməz”.
MİA.AZ