Kənd təsərrüfatı naziri Heydər Əsədov icra başçılarına qorxulu anlar yaşadır. Artıq keçmiş
maliyyəçi olan nazir Heydər Əsədov buğda istehsalçılarına verilən dövlət
yardımlarının bir hissəsinin mənimsənilməsi qənaəti ilə araşdırmalara start
verib.
Bu barədə Mia.az daxil olan
məlumata görə, yaxın günlərdən başlayaraq, yardım ayrılmış 58 rayon üzrə ciddi
təftişlərin aparılması planlanıb.
Mia.az-ı məlumatlandıran Kənd
Təsərrüfatı Nazirliyindəki mənbə deyib ki, Heydər Əsədov bu məqsədlə maliyyə
naziri Samir Şərifovu da məlumatlandırıb: «Heydər Əsədov əmindir ki, 58 rayon
üzrə ayrılmış 20 milyon manatdan çox vəsaitin ən azı 7-8 milyon manatı
mənimsənilib: «Maraqlısı budur ki, ərazi icra başçılarının ərazi
nümayəndələrinin başçılıq etdiyi yerli komissiyalar ölkə üzrə ümumilikdə 150
min nəfər buğda istehsalçısı olduğunu rəsmi sənədlərdə qeyd etsələr də, faktiki
bu qədər buğda əkən olmayıb. Bu azmış kimi, buğda sahələrinin hektarları bəzi
rayonlar və kəndlərdə ayrı-ayrı fərdlər 3-5 dəfə şişirdilib. Məsələn, 3 hektar
buğda əkən istehsalçının adına 15 hektar yazılmaqla, hər hektar üçün ayrılmış
əlavə 40 manat yardım mənimsənilib. Bu isə birbaşa Dövlət Büdcəsinin talanması
ilə yanaşı, həm də şəxsən prezident İlham Əliyevin imzaladığı fərman və
sərəncamların kobud pozulmasıdır. Şübhəsiz ki, nazirlik bu faktları
araşdırdıqca, həm Prezident Administrasiyasını, həm də Baş Prokurorluğu
məlumatlandırır. Güman edirəm ki, yaxın həftələrdə bir neçə rayonda baş vermiş
ciddi hüquqpozmalarla bağlı əldə olunmuş faktlar Baş Prokurorluğa göndəriləcək.
Bu isə o deməkdir ki, həmin rayonların icra başçıları və ərazi icra
nümayəndələri ciddi sınaqlarla üz-üzə qalacaq».
Mia.az-a verilən məlumata görə, Masallı və Ağcabədi rayonlarında da
subsidiyaların bir hissəsinin saxta rəqəmlərlə mənimsənilməsi yönündə ciddi
şübhələr var: "Ağcabədidə 42 kənd və bir şirkət üzrə ümumilikdə 3674 buğda
istehsalçısı rəsmi qeydiyyata alınıb. Bu istehsalçıların guya 18359 hektar
buğda əkdiyi bildirilib. Nəticədə isə
734 min 360 manat subsidiya bu rayona yönəldilib. Doğrudur, bu rəqəmin
böyük hissəsi adı ölkədə məşhur olan «Kraun Co» MMC-yə ayrılıb. Həmin şirkətin
8600 hektar buğda əkdiyi rəsmi sənədlərdə göstərilib. Və bu rəqəmə uyğun
olaraq, həmin şirkətin rəsmi təmsilçisi Zaur Sarıyevin adına açılmış hesaba 344
min manat pul köçürülüb. Əlbəttə, bu rəsmi sənədlərin nə dərəcə həqiqəti özündə
birləşdirməsi ciddi araşdırılmalıdır. Və söz yox ki, digər rayonlarda olduğu
kimi, burada da şişirdilmə faktının olması istisna deyil».
Masallıda isə daha böyük biabırçılığa imza atıldığı ilkin araşdırmamız
zamanı üzə çıxıb. Bu rayonda daha böyük mənimsəmələrin olması nazirliyin özündə
də şübhə doğurmur.
Ən maraqlı detallardan biri isə həmin rayonda icra başçısının aqrar
məsələlər üzrə müavini Nəsir Muxtarlının atası Muxtar Muxtarovun adına da
yardım yazılıb. Sənədə görə, M.Muxtarov 2,8 hektar buğda əkib. Başçının
müavininin atasının həqiqətən 2.8 hektar torpaq əkib-əkməməsi maraqlı araşdırma
mövzususdur. Bundan əlavə, Nəsir Muxtarlının doğulduğu Həsənli kəndində 543
ayrı-ayrı təsərrüfatçının həqiqətən də 751 hektar buğda əkməsi, razılaşaq ki,
ciddi şübhə doğurur. Ümumiyyətlə, Masallının 33 kəndi üzrə 5370 şəxsin 7794.67
hektar ərazidə buğda əkməsi və buna görə həmin rayona 311 min 786 manat 80
qəpik yardımın ayrılması ilə bağlı bütün sənədlər də tərəfimizdən araşdırılır.
Müstəqil İnformasiya Agentliyi bildirir ki, hazırda hər iki rayonda
kəndlər üzrə verilmiş yardım sənədləri Mia.az-ın redaksiyasındadır.
Əməkdaşlarımız həmin sənədlərlə bağlıjurnalist araşdırmasını davam etdirir.
Yəqin ki, yaxın günlərdə həmin araşdırmamızı oxuculara təqdim edəcəyik.
Yazıda adları çəkilənlərin mövqeyini dinləməyə hazırıq.
Mia.az