Sumqayt şəhərində fəaliyyət göstərən "Liman” klinikası bağlanıb. Bu barədə xəbəri Avropa.info saytı yayıb.
Məlumata görə, "Liman” klinikasının rəhbərliyi işçilərə iyunun 30-dan klinikanın müvəqqəti olaraq təmirə bağlandığını bildirib. İşçilərə vəd olunub ki, qısa zamanda iş öz ahənginə dönəcək.
Səhiyyə Nazirliyinin rəsmi saytında isə "Liman” klinikasının daxil olduğu MMC-nin lisenziya müddətinin iyunun 26-da bitdiyi qeyd edilib. Klinikanın da məhz bu səbəbdən - lisenziya müddətinin uzadılmaması – bağlandığı ehtimal edilir.
Qeyd edək ki, "Liman” klinikası 7 ildir fəaliyyət göstərirdi. Onun real sahibinin Nəqliyyat naziri Ziya Məmmədov olduğu iddia edilir.
****
Məsələylə bağlı MİA-ya açıqlama verən klinikanın baş həkimi Seymur faktı təsdiqləyib. Baş həkimin sözlərinə görə, klinika hazırda təmirə dayandırılıb: "Klinikanın lisenziyasının vaxtı başa çatıb. Bu səbəbdən də Səhiyyə Nazirliyinə müraciət etmişik. Amma indi prosedurlar dəyişdiyindən, prosesi qısa müddətdə yekunlaşdırmaq mümkün olmur. Amma yəqin ki, məsələ qısa müddətdə öz həllini tapacaq".
Klinikanın nəqliyyat naziri Ziya Məmmədova məxsus olub olmadığına gəlincə, baş həkim "Mən bu barədə məlumat verə blmərəm", - deyərək telefonu qapadıb.