Keçmiş deputat Nazim Bəydəmirlinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ilk iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr keçirilib.

Nazim Bəydəmirlinin vəkili prosesdə bir sıra vəsatətlə çıxış edib.

Həmin vəsatətlərdən biri seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı olub. Vəkil vəsatətini onunla əsaslandırıb ki, müvəkkili ictimai şəxsdir, bundan əvvəl cinayət törətməyib, həmçinin şahidlərə təsir etmək imkanı yoxdur.

Müdafiə tərəfinin digər vəsatəti iddia olunan cinayət işinin cəlbetmə müddətinin keçməsi ilə bağlıdır. Vəkil hesab edir ki, iş materiallarında iddia olunan cinayət əməli 30 il əvvəl baş verib. Bu səbəbdən cinayət təqibinə xitam verilməlidir.

Nazim Bəydəmirli özü də vəkilinin vəsatətlərinə münasibət bildirib: “Guya 1996-cı ildə baş vermiş hadisə ilə bağlı mənə ittiham irəli sürülüb. 4 iyulda mənə ittiham verilib, hansı ki, həmin gün mən guya zərərçəkmiş olan Ədalət Bağırovdan şikayətə gəlmişdim. Mən ondan heç nə tələb etməmişəm. Biz şərik olmuşuq, şikayətimdə də onu demək istəyirdim ki, mənim onunla ortaq şirkətimdə 30 faiz payım var. 6 saat sonra məni elə Ədalət Bağırovun şikayəti əsasında saxladılar”.

Nazim Bəydəmirli son olaraq özünün siyasi məhbus hesab etmədiyini qeyd edib: “Mən siyasi məhbus deyiləm. Çünki siyasi fəaliyyətim yoxdur. Mənim adımdan istifadə olunmasını istəmirəm. Mən siyasi fəaliyyətimə görə həbs edilməmişəm. İqtidara və müxalifətə də eyni məsafədə olan adamam. Mən dövlətimə, vətənimə sadiq adamam”.

Prokuror vəsatətlərin təmin edilməməsini, cinayət işinin məhkəmə baxışına verilməsini istəyib.

Məhkəmə prokurorla razılaşıb. Müdafiə tərəfinin qaldırdığı vəsatətlər rədd edilib.

İlk baxış iclası mayın 13-nə təyin edilib.

Qeyd edək ki, N.Bəydəmirli 9 ay əvvəl iki nəfəri şantaj etmək ittihamı ilə həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə iki nəfər-İbrahimov Mürsəl Fəyaz oğlu və Bağırov Ədalət Əziz oğlu zərərçəkmiş qismində tanınıb.//”Qafqazinfo”

***

Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Nazim Bəydəmirlinin məhkəmə prosesinin hazırlıq iclası keçirilib.

Məlumata görə, hakim Nazim Bəydəmirlinin anket məlumatlarını dəqiqləşdirib. Təqsirləndirilənin vəkili Aqil Layıc hakimə məhkəmə prosesində jurnalistlərin iştirakını vacib hesab etdiyini bildirib. Vəkili Nazim Bəydəmirlinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib.

Qeyd edək ki, cinayət işində 2 nəfər zərərçəkmiş qismində tanınıb.

Xatırladaq ki, eks-deputat ötən ilin iyulunda həbs olunub.

İttihama görə, bir nəfər vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onu rüsvayedici görüntülərlə hədələyərək 50 min manat pul tələb etdiyini deyib. O, bu il iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib.

Bəydəmirliyə qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 182.2.2–ci (hədə-qorxu ilə tələbetmə-təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb/Unikal.

Azər İsrafilov