Xəbər verdiyimiz kimi, Azərbaycanda fəaliyyət göstərən 23 bankdan 19-u 2024-cü ilin 1-cü rübü üçün maliyyə hesabatını açıqlayıb.
Mia.az Yeniavaz.com-a istinadla xəbər verir ki, maliyyə hesabatını açıqlayan banklar arasında yalnız “AFB Bank” zərər edib.
Səhmlərinin 99,6%-i fiziki şəxs İsmayılov Hikmət Əbuzər oğluna məxsus olan “AFB Bank” rüb ərzində 458 min manat zərər edib.
Bankın açıqladığı hesabatda həmçinin göstərilir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk rübündə fiziki şəxslərin bankdakı depozitləri 26% və ya 19,1 milyon manat, hüquqi şəxslərin bankdakı depozitləri isə 19% və ya 18,1 milyon manat azalıb.
Məlumat üçün bildirək ki, “AFB Bank” 2008-ci ildə “Azfinansbank” adı ilə fəaliyyətə başlayıb. Bankın əsas səhmdarı fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə məxsus olan “Gilan Holdinq”ə məxsus olub. Daha sonra Bankın səhmlərinin 99,64 %-i Hikmət Əbuzər oğlu İsmayılova (“Azsığorta” ASC-nin 100 %-lik səhmdarı, “Bank of Baku” ASC-nin 31,11 %-lik səhmdarı) satılıb.
Onu da bildirək ki, mətbuatda “AFB Bank” ASC-nin yeni səhmdarı Hikmət İsmayılovun fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağı olduğu barədə çoxsaylı məlumat yayılıb və bu günə kimi təkzib olunmayıb.