Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsi 2023-cü ilin noyabr ayının 29-da ""Med stat” hesabatların online təqdim edilmə sistemi ilə bağlı keçirilən təlimatlandırma üzrə kurslarda tələb olunan malların satınalınması" lotu üzrə yekun vurduğu satınalma keçirib.
Mia.az Qlobal.az-a istinadla xəbər verir ki, bu satınalmanın məbləği 48.322 manat, qalibi isə "YURD-BAKU CORP" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1008353801) olub.
"YURD-BAKU CORP" MMC İnformatika və Statistika İdarəsinin sözügedən satınalmasından bir ay əvvəl - 2023-cü ilin oktyabr ayının 11-də dövlət qeydiyyatına alınıb.
Şirkətin hüquqi ünvanı naməlumdur: Binəqədi ray0nu, Ziya Bünyadov ev 15.
Şirkətin qanuni təmsilçisi Cəfərova Günel Şahin qızıdır.
Cəfərova Günel Şahin qızının adına xeyli sayda MMC-lər təsis edilib. Bu MMC-lər büdcədən maliyyələşən təşkilatların sifarişçi olduqları satınalmalarda müntəzəm olaraq qalib elan edilir.
"YURD-BAKU CORP" MMC-nin fəaliyyət profili, müvafiq lisenziyaları, faktiki ünvanı barədə açıq internet resurslarında məlumat yoxdur.
İnformatika və Statistika İdarəsi növbəti şübhəli satınalmasını 2023-cü ilin iyul ayının 25-də keçirib. İdarənin "Dəftərxana və təsərrüfat mallarının satınalınması" lotu üzrə keçirdiyi satınalmanın məbləği 16.610 manat, qalibi isə "GLOBAL STATIONERY OFFICE" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1405058441) olub.
"GLOBAL STATIONERY OFFICE" MMC 2020-ci ilin fevral ayının 12-də dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Nəsimi rayonu, Alı Mustafayev ev 15, mənzil 24, qanuni təmsilçisi isə Cavadov Mayıl Pərviz oğludur. Cavadov Mayıl Pərviz oğlunun da "proxy" şəxsdir. Onun adına da xeyli sayda MMC təsis edilib. Bu şirkətin də fəaliyyət profili barədə açıq internet resurslarında məlumata rast gəlinmir.
İnformatika və Statistika İdarəsi 2023-cü ilin iyul ayının 17-də "Qeyri-maddi aktivlər maddəsi üzrə Hesabatların toplanılma sisteminin təkmilləşdirilməsi, şəbəkəyə nəzarət üçün idarənin serverinin sazlanması və hostların yenilənməsi" lotu üzrə satınalmaya yekun vurub.
Bu satınalmanın məbləği 19.850 manat, qalibi isə "LANMERD COMPANY" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 2007787681) olub.
"LANMERD COMPANY" MMC-nin hüquqi ünvanı Xətai rayonu Məzahir Rüstəmov ev 22, mənzil 14 ünvanıdır. Şirkət 2023-cü ilin yanvar ayının 1-də dövlət qeydiyyatına alınıb, şirkətin qanuni təmsilçisi isə Almasov Rəşad Fazil oğludur.
Bu mənzildə - Xətai rayonu Məzahir Rüstəmov ev 22, mənzil 14 ünvanında hüquqi ünvanı olan daha bir şirkət - "SIYAQUAR RD TRADE" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 2007852831) 2023-cü ilin iyun ayının 19-da İnformatika və Statistika İdarəsi ""Med stat” hesabatların online təqdim edilmə sistemi ilə bağlı keçirilən təlimatlandırma üzrə kurslarda tələb olunan malların satınalınması" lotu üzrə sifarişçi olduğu daha bir satınalmada qalib elan edilib.
Şirkətin qanuni təmsilçisi Adıgözəlov Şamo Mais oğludur. Bu şəxsin adına da xeyli sayda MMC-lər təsis edilib. Bu MMC-lər də dövlət büdcəsindən maliyyələşən təşkilatların satınalmalarında şübhəli məqsədlərlə istifadə edilir.
Əlbəttə ki, bu son deyil.
Xətai rayonu Məzahir Rüstəmov ev 22, mənzil 14 ünvanında hüquqi ünvanı olan daha bir şirkət - "SAPFIRON TRADE" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 2007787421) İnformatika və Statistika İdarəsinin "Mətbə mallarının satınalınması" lotu üzrə 2023-cü ilin may ayının 26-da yekun vurduğu satınalmada qalib elan edilib.
Bu satınalmanın məbləği 48.978 manat təşkil edib.
Satınalmada qalib elan edilən "SAPFIRON TRADE" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilisi isə İnformatika və Statistika İdarəsinin digər satınalmasında qalib elan edilən "LANMERD COMPANY" MMC-nin qanuni təmsilçisi Almasov Rəşad Fazil oğludur.
İnformatika və Statistika İdarəsinin satınalmarında qalib edilən MMC-lərin heç birinin maddi-texniki bazası, fəaliyyət profilləri, faktiki ünvanları barədə açıq internet resurslarında məlumat verilmir.
Bəzilərinin hüquqi ünvanları və qanuni təmsilçiləri eyni olan, qeyri-şəffaf təşkilatların İnformatika və Statistika İdarəsinin satınalmarında hansı meyarla əsasən qalib elan edilmələri bir sıra suallar yaradır.
İnformatika və Statistika İdarəsinin sifarişçi olduğu satınalmalar formal olaraq keçirildiyi, satınalmalarda qalib elan edilən MMC-lərin İdarə tərəfindən deyil, Səhiyyə nazirliyinin Maliyyə İdarəsinin rəisi tərəfindən müyyən edildiyi iddia edilir.
Məsələ ilə bağlı İnformatika və Statistika İdarəsindən mövqe öyrənmək mümkün olmayıb.
Səhiyyə nazirliyinin İnformatika və Statistika İdarəsinin fəaliyyəti ilə bağlı Hesablama Palatasından aldığımız açıqlamada isə deyilir: "Hesablama Palatası 2022-2023-cü illərdə Səhiyyə nazirliyinin İnformatika və Statistika İdarəsində audit həyata keçirməyib".
Xatırladaq ki, Səhiyyə nazirliyinin İnformatika və Statistika İdarəsinin rəisi Mehdi Əmrahovdur.
Mehdi Əmrahov uzun illərdir bu quruma rəhbərlik edir.
O, 2012-ci ildə sabiq Səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən "Səhiyyə əlaçısı" döş nişanı ilə təltif edilib.
MİA.AZ