Neft-qaz sektorunda fəaliyyətdə olan və son maliyyə illərində zərərlə davam etdirən “Kaspian Drilinq Kompani Limited” MMC (Caspian Drilling Company – CDC) bundan sona yeni şəxsin rəhbərliyi altında idarə ediləcək.
Mia.az Banker.az-a istinadla xəbər verir ki, Elçin Nadir oğlu Ağakişiyev “Caspian Drilling Company”nin baş icraçı direktoru təyin edilib. O, bu vəzifədə Farid Əflatun oğlu Axundovu əvəz edib.
Elçin Ağakişiyev
Elçin Ağakişiyev 2018-2019 illərdə Vergilər Nazirliyinin İqtisadi Təhlil Baş Departamentində Baş Müdürün Müavini, 2019-2020-ci illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bəyannamə və Kameral Vergi Yoxlamalarına Nəzarət Baş İdarəsinin rəisi, 2020-ci ilin sentyabr ayından 2022-ci ilin mart ayınadək isə Milli Gəlirlər Baş İdarəsinin rəis əvəzi və rəisi vəzifələrində çalışmışdır. O, 2022-ci ilin mart ayından isə SOCAR prezidentinin müşaviri vəzifəsində çalışır.
Ağakişiyev Azərbaycan Politexnik İnstitutunun Mühəndis-Mexanik ixtisası üzrə təhsil almış və fərqlənmə diplomu ilə bitirmişdir. O, 1993-cü ildə Böyük Britaniya, Londonda Satınalma və Təchizat İnstitutunda Beynəlxalq Satınalmalar üzrə, 1994-cü ildə isə Böyük Britaniya, Nottingham-da İdarəetmə üzrə, 1996-1997-ci llərdə Böyük Britaniya Warwick-də Biznes Magistrı üzrə magistr təhsili almışdır.
Xatırladaq ki, “Kaspian Drilinq Kompani şirkəti” 1996-cı ildə Bakıda təsis edilib, 285.85 mln. ABŞ dolları nizamnamə kapitalı var. Onun səhmlərində pay bölgüsü 92.44% və 7.56% ilə müvafiq olaraq SOCAR və “Union Grand Energy PTE LTD”yə məxsusdur.
Şirkət Xəzər dənizində ilk müştərək müəssisə kimi regionda qazma əməliyyatlarını həyata keçirmək məqsədilə yaradılıb.
“Caspian Drilling Company” 2022-ci ildə 99.74 mln. manatlıq xalis zərər edib. 2021-ci ildə onun zərəri 64.4 mln. manat idi.
Bu zərərdən sonra onun balansındakı illərin bölüşdürülməmiş mənfəəti 303.79 mln. manatdan 204.04 mln. manata düşüb. 2020-ci ilin əvvəli bu rəqəm 423.5 mln. manat idi. Əlavə olaraq 2020-ci ildə mənfəət əldə etmiş və səhmdarlara 123.8 mln. manat dividend elan edilmişdi.
MİA.AZ