Ədliyyə Nazirliyi “Bestcomp Group” MMC ilə maliyyə dəyəri 6 573 995,33 AZN təşkil edən iki satınalma müqaviləsi imzalayacaq.
Maliyyə dəyəri 2 227 370,31 AZN olan birinci müqvailə Ədliyyə Nazirliyinin struktur qurumlarının istismarında olan avtomatlaşdırılmış sistemlər, informasiya-kommunikasiya avadanlığı və şəbəkə infrastrukturununun saxlanılması və inkişafı, habelə ona texniki dəstəyin göstərilməsi xidmətlərinin satın alınması ilə bağlıdır.
4 346 625,02 manatlıq ikinci müqavilədə isə “Elektron məhkəmə” informasiya sisteminin fəaliyyətini təmin edən və birinci instansiya məhkəmələrinin istismarında olan texniki-texoloji infrastrukturunun saxlanılması və inkişafı, habelə ona texniki dəstəyin göstərilməsi xidmətlərinin satın alınması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reystr məlumatlarına görə, “Bestcomp Group” QSC 22 iyun 1998-c ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 8 962 330 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, 8 noyabr küçəsi, ev 25E-ə yerləşən şirkətin qanuni təmsilçisi Həsənov Fərid Rafiq oğludur.
Fərid Həsənov haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.
“Bestcomp Group” MMC-yə gəlincə, mediada fövqəladə hallar naziri Kəmaləddin Heydərovun biznesi haqqında dərc edilən yazılarda bu şirkətin adı keçir. MMC nazirin şirkəti kimi təqdim edilir.
Ədliyyə Nazirliyi 2023-cü ildə də şirkətlə maliyyə dəyəri 2 132 218,25 AZN olan satınalma müqaviləsi imzalayıb. Müqavilə Ədliyyə Nazirliyinin struktur qurumlarının istismarında olan avtomatlaşdırılmış sistemlər, informasiya-kommunikasiya avadanlığı və şəbəkə infrastrukturununun saxlanılması və inkişafı, habelə ona texniki dəstəyin göstərilməsi xidmətlərinin satın alınması ilə bağlı olub/Qaynarinfo