“Azərbaycandan xeyli toy təklifləri alıram, amma vaxtım olmadığı üçün qəbul etmirəm”.
Mia.az xəbər verir ki, bu sözləri məşhur müğənni Afət Fərmanqızı “Cebhe.info”-ya açıqlamasında deyib.
O, boş gününün olmadığını deyib: “Hətta məni Azərbaycana toya dəvət etmək üçün toyun da vaxtını dəyişdirmək istəyirlər. Mən də gəlib-getməyin xərcini istəyirəm. Çünki toya gəlmək üçün mənə 3 gün lazımdır. Onda isə qiymətin çox baha olduğunu deyirlər. Azərbaycanda yaşayanda toyda iştirak üçün 1 günüm gedirdi, amma indi Rusiyada yaşadığımız üçün 3 günüm gedir.
Amma burada o qədər toylara dəvət alıram ki, heç boş vaxtım yoxdur. Məsələn, qarşıdakı günlərimin hamısı doludur, sadəcə aprel ayında 1 boş günüm var. Apreldə 19 gün ardıcıl toyda olacağam”.
Müğənni söyləyib ki, Rusiyada 1 gündə 3-4 toya dəvət alır:
“Əslində burada toylar daha çoxdur. Mən burada da toyda iştirak etmək üçün neçə günüm gedirsə, onun pulunu tələb edirəm. Çünki mən hər gün toyda oluram. Başqa yerə getmək üçün itirdiyim vaxta daha bir toya da gedə bilərəm. Ona görə də belə hallarda ikiqat pul istəyirəm. Rusiyada bu tələbimlə razılaşırlar. İndiyə kimi burada bu tələbimlə razılaşmayan görməmişəm”.
Afət Fərmanqızı “Toylara neçəyə gedirsiniz?” sualına isə belə cavab verib: “Moskvadakı bəzi şadlıq saraylarındakı menyular çox bahadır. Oralarda toy edən adamlar üçün heç bir güzəşt etmirəm. Əksinə, baha qiymət deyirəm. Amma orta və aşağı qiymətli menyular olanda güzəşt edirəm. Bəzən də toy sahibləri dostlarımı axtarıb taparaq aşağı qiymət deməyimi istəyirlər.
Elə olanda da bir az güzəşt edirəm. Yəni toy qiymətlərim standart deyil, hər qiymət var. Belə deyək də, “damara baxıb, qan alıram”. Bahalı yerdə toy edəndən çox pul alıram. Aşağı menyulu toy edənlər üçün isə qiymətdə endirim edirəm”.
Sənətçi əlavə edib ki, bəzi azərbaycanlı müğənnilər də Rusiya toylarına dəvət almaq üçün ona yazırlar:
“Hətta bəzi azərbaycanlı müğənnilər Rusiyadakı toylara dəvət olmaq üçün mənə yazırlar. Amma deyirəm ki, toy sahibi istəsə, dəvət edə bilərəm. Azərbaycandakı müğənnilər Rusiyadakı toylara dəvət olunmaq istəyirlər. Lakin bu, qismət məsələsidir. Əgər kimisə dəvət eləsələr, mən də böyük məmnuniyyətlə müğənnilərimizin bura gəlməsinə vasitəçilik edə bilərəm”.