Mia.az bildirir ki, tanınmış müğənni İlahə Fəda Moderator.az-ın suallarını cavablandırıb.
-İlahə xanım, səsiniz-sorağınız gəlmir, haralardasınız?
-Mən Almaniyadayam. Yaxşıyam. Səsim-sorağım necə gəlsin ki? Nə edim? O qədər oxudum səsimi eşidən oldu ki?
-Müvəqqəti getmisiniz yoxsa?
-Xeyr, yaşamağa gəlmişəm. Birdəfəlik köçmüşəm. Burada yaşayıram. Mənim üçün bura xoşdur.
-Hər şeyi yarım qoyub getmək sizin üçün çətin olmadı ki?
-Mən heç nəyi yarım qoymadım. Mən bir işi görmək istəyəndə, onu tamamlamamış əl çəkmərəm. Bilsəm ki, sonunda məğlub olacam, yenə də o işi axıra çatdıraram. Elə də etdim. Mən oxumağa başladım. Gördüm ki, oxumaq çox məsuliyyətli bir işdir, sonra konservatoriyanı bitirdim. Yəni sənətin nəzəriyyəsini öyrəndim. Sonra gözəl mahnılar yazdırdım. Peşəkar bəstəkarlarla çalışdım. Professional musiqiçilərlə birgə konsertlər verdim. Üzeyir Hacıbəyovun yaratdığı o möhtəşəm yolun bir yolçusu oldum. O yolun da sonu yoxdur. Məndən sonra da sənətə gələnlər dünya durduqca o yolla gedəcəklər.
-Almaniyada müğənnilik fəaliyyətinizi davam etdirirsiniz?
-Bəzi layihələr var ki, öncədən demək istəmirəm, amma birini deyəcəm. Əlbəttə ki, mən musiqi ilə, sənətimlə məşğulam. Gələn ayın 9-da Almaniyanın Köln şəhərində çox möhşətəm konsert olacaq, orada iştirak edəcəm. Avropanın başqa şəhərlərindən də dəvətlərim var. Gözəl proqramlarım olacaq. Sənətimlə, sevdiyim işlə məşğulam. Gözəl, zövqlü musiqiləri dinləyən insanlar dünyanın harasında olsam da gəlib məni tapdılar.
-Bacınız Fədayə xanım da Moskvada fəaliyyətini davam etdirir. Sanki övladlarından ayrı yaşamaq ananızın taleyinə yazılıb..
-Anamın 67 yaşı var, mənim də 50. Anamla mən eyni yaşıd kimiyik. Anamın bizdən başqa 2 qızı da var. Hətta o biri bacım da Türkiyədə yaşayır. İndi internet əsridir. Allah etməsin, yanımızdan yel ötən kimi bir-birimizə yetişirik. Anam da ziyalı xanımdır. Bu gün dünyanın hansısa yerində yaşamaq 30-40 il öncəki kimi çətin deyil.. Əlimizdə telefonlarımız var, görüntülü danışırıq. Anam mənə "yox" desəydi həqiqətən də getməzdim. O gördü ki, mən burada xoşbəxt deyiləm. Valideynlər var ki, övladlarını öz çıxarlarına görə böyüdürlər. Amma bizdə belə bir şey olmayıb. Mən neçə illərdir Avropaya gəlib gedən biri idim. Bir də Azərbaycanda səhnəyə gedən yol tıxacdır. Gördüm ki, yox, mən girən kol deyil. Anam da bu vəziyyəti görüb dedi ki, "qızım, sənin ürəyin harada xoşdursa orada da yaşa".
-Həm də siz axı "Gedəcəyəm" mahnısı ilə illər öncə o zirvyə qalxıb, şöhrəti yaşamışdınız.. O şöhrəti görən müğənniyə bu günki şou-biznes də, səhnə də adi görünməlidir..
-Əslində mənim üçün şou-biznes deyilən bir anlam yoxdur. Mən bu sənətə gələndə heç bilmirdim ki, oxuyub pul qazana bilərsən. Mən sənətə pul qazanmaq üçün gəlməmişdim. Sonra gördüm ki, həm oxuyursan, həm də pul qazanırsan. Özümü xoşbəxt hiss etməyə başladım. Bu xoşbəxtlikdən çaşmadım, başım gicəllənmədi. Mən sənətin dərinliyini gördüm. Oxumağa başlayandan sonra anladım ki, oxumaq, sənət nə deməkdir. Sonra getdim konservatoriyada 4 il oxudum. Elələri var idi ki, pulunu verib diplom alırdı. Mən elə etmədim. 4 il gedib-gəldim, bütün dərslərdə iştirak etdim. O vaxt çox gözəl, sağlam rəqabət var idi. Hər kəs gözəl mahnılar yazdırırdı. O zaman bir neçə mahnı da mən yazdırdım. Əlimdən gələni etdim. Sonra gördüm ki, yox, at izi ilə it izi qarışdı. Bəzi üzdəniraq, məntiqsiz, sənətdən başqa hər şeyi olan insanlar ortaya gəldi. Pul, rüşvət, sponsor söhbətləri aktuallaşdı. Qadın olduğuna görə bunun daha ağır bədəlləri var idi. Mən elə şeylərin altına girə bilməzdim. Adım-sanım, nəslim, köküm var. Tək deyiləm. Məndən sonra nəslimdə gənclər gəlir. Sənətə xəyanət etməmək üçün susdum. O susqunluğumu da heç kim qəbul etmədi. Hətta məni danlayanlar da oldu. Dedilər ki, stilini dəyiş, geyiminə "razrez" qoy, sağ çiynini aç və s.. Siz təxmin etdiniz mən nə demək istəyirəm. Belə şeylər mənlik deyildi. Yenə də çabaladım. AZTV-yə, Mədəniyyət kanalına, İctimai tv-yə müraciət etdim, zəng etdim, qəbullarına getdim, amma düşə bilmədim. Məqsədim də verilişlərə çıxmaq idi. Dövlət konsertlərinin heç birinə məni dəvət etmədilər. Gördüm ki, belə davam edə bilməyəcəm. Sınmayacam da. Məni bəyənməyən AZTV-nin qızıl fondunda mənim lent yazılarım qorunub saxlanılır. Onu istəsələr də poza bilməzlər. Ulu öndər Heydər Əliyevin sifarişi ilə dövlət televiziyasında "Dədə Qorqud" adlı film-tamaşa çəkilib. Orada mahnıları mən oxumuşam. Mən yüngüllük etmədim, özümə və sənətimin adına xələl gətirmədim deyə məni verilişlərinə dəvət etmədilər. Xalqa olan hörmətimdən dolayı sənətimə xəyanət etmədim. Gördüm ki, yaşaya bilmirəm. Əlimdə iki diplomum ola-ola pulsuz-parasız qaldım. Ona görə də çıxıb bura gəldim. Burada çox gözəl yaşayıram, sənətimlə məşğul oluram. Mən Tofiq Quliyevdən, Üzeyir Hacıbəyovdan, Fikrət Əmirovdan oxuyuram. Əgər xalqım mənə yox, o musiqilərə qulaq asırsa, demək ki, mən o xalqdan deyiləm.
Mia.az