Tacikistan və Qırğızıstan arasındakı birgə komissiya 2023-cü ildən böyüyən mübahisəli sərhədin daha 169,48 kilometrini müəyyən ediblər.
Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Tacikistan Torpaq İdarəetmə və Geodeziya Dövlət Komitəsinin və Topoqrafiya İşçi Qrupunun sədri Orif Hocazadə paytaxt Düşənbədə keçirdiyi mətbuat konfransında danışıb.
Hocazadə deyib ki, 2023-cü ildə Tacikistan və Qırğızıstanın topoqrafik işçi qrupları 15 görüş keçirib və nəticədə 972 kilometrlik ümumi sərhədin 169,48 kilometrlik dövlət sərhədi xəttinin müəyyən edilməsi üzrə proses başa çatıb.
İndiyə qədər təyin etdikləri ortaq sərhədin Tacikistan və Qırğızıstan arasındakı ümumi sərhədin təxminən 90 faizini təşkil etdiyini bildirən Hocazadə qeyd edib ki, problemin bir an əvvəl həllini istəyirlər.
Xatırladaq ki, Tacikistan və Qırğızıstan arasında sərhəd mübahisələrinə görə zaman-zaman gərginlik və münaqişələr yaranıb. İki ölkə arasında sonuncu münaqişə 14 sentyabr 2022-ci ildə baş verib və hər iki tərəfdən onlarla insan həyatını itirib.
Firudin Səfərli
MİA.AZ