Qalib ARİF
***
Məlum olduğu kimi, Azərbaycan XXI əsrin 20-ci ilində Qarabağ problemin birdəfəlik həll etdi və tarixi torpaqlarımızı – Qarabağımızı bir əsrdən çox davam edən erməni işğalından birdəfəlik azad etdi. Tarix yaxın, qələbə bizim olduğundan, biz hələ bu möhtəşəm hadisənin mahiyyətini dəyərləndirə bilmirik. Zaman keçəcək, tarix hər hadisəyə, hər şəxsiyyətə öz qiymətini verəcək. Düşünürəm ki, Azərbaycanın Ermənistan üzərində QƏLƏBƏsi Sovet İttifaqının Hitler Almaniyası üzərində, Ukraynanın Putin Rusiyası üzərində qələbəsi qədər möhtəşəm HADİSƏdir.
Mən əsgərlərimizin şücaətinə və şəhidlərimizin xatirəsinə kölgə salmaq niyyətində deyiləm. Amma altında qırmızı xətt çəkib demək istəyirəm ki, Qarabağ probleminin yalnız hərbi-əsgəri yolla həlli yox idi, çünki bu, qlobal miqyas almış, faktiki olaraq, beynəlxalq problem idi. Bu problemin yalnız siyasi-hərbi həlli var idi, Azərbaycan lideri də problemi öz müdrik siyasəti ilə həll etdi. Bəli, siyasət ancaq mümkün olanı həyata keçirmək sənəti deyil, həm də siyasi liderin şəxsiyyətindən, fəhmindən və uzaqgörənliyindən asılı olan bir sənətdir. Düşünürəm ki, Azərbaycan lideri İlham Əliyev, faktiki olaraq, mümkün olmayanı etdi, Qarabağ problemini hərbi-siyasi yolla həll etdi. O, yalnız geo-siyasi məqamın yetişməsindən yox, Azərbaycanın həbi və siyasi üstünlüklərindən, düşmən tərəfin səhvlərindən böyük məharətlə istifadə etdi.
Bəli, Qarabağ problemini yalnız Rusiyanın başının Ukraynada, Qərbin başının Rusiyada qarışdığı bir geo-siyasi məqamda həll etmək olardı. Bunun üçün Azərbaycan xalqı, odusu, iqtidarı hazır olmalı idi, bunların arasında böyük vəhdət, etimad, güvən olmalı idi. İlham Əliyev müdrik və uzaqgörən bir siyasətçi kimi bu vəhdəti, bu güvəni təmin etdi və geosiyasi məqamı düzgün dəyərləndirdi – Rusiya ilə siyasi qarşıdurmaya getmədi və Türkiyənin siyasi dəstəyindən məharətlə istifadə etdi. Azərbaycan lideri həm də, siyasi uzaqgörənlik nümayiş etdirərək, Aİ-nin Türkiyəni dəvət etmədiyi görüşlərə getmədi. Görüş iştirakçılarının Azərbaycansız, Türkiyəsiz bəyanatları da göstərdi ki, Azərbaycan lideri nə qədər haqlı idi. Yeri gəlmişkən, avropalılar Qarabağ ermənilərinin Azırbaycan vətəndaşlığını qəbul etməsini və Zəngəzur dəhlizinin fəaliyyət göstərməsini istəmirdilər... Bu gün də istəmirlər...
Ermənistan lideri Nikol Paşinyana gəlincə, adam geo-siyasi vəziyyəti düzgün qiymətləndirə bilmədi, güman etdi ki, Rusiya Ukrayna ilə müharibədə məğlub ediləcək və siyasi səhnəni birdəfəlik tərk edəcək. Odur ki, Rusiya ilə siyasi münasibətləri gərginləşdirmək, hətta kəskinləşdirmək yolu seçdi, Rusiyanın forpostundan Qərbin forpostuna keçid etmək istədi. Hətta Qərbin dəstəyini qazanmaq üçün Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya lideri Vladimir Putini həbs etmək qərarını (Roma statutu) ölkə parlamentində ratifikasiya etdirdi. Bu isə, məlum olduğu kimi, Rusiya və onun lideri üçün qırmızı xəttin keçilməsi demək idi.
Mən niyə bunları – bu geo-siyasi məqamda Rusiyadan birmənalı uzaqlaşmanı, Qərbə kəskin yaxınlaşmanı Paşinyanın səhvləri hesab edirəm?! Hazırda Ermənistan iqtisadiyyatının üçdən ikisi Rusiyadan asılıdr. Rusiya Ermənistana ucuz neft və qaz satır, milyondan yuxarı erməni Rusiyada işləyir və ailəsinə çörək göndərir. Rusiyanın 10 minlik hərbi bazası Ermənistanda, 5 minlik sülhməramlıları Qarabağdadır. Nəhayət, zəif Ermənistan güclü Azərbaycanla qarşı-qarşıyadır. Yaxın tarix də göstərir ki, Ermənistana yalnız Rusiya real dəstək verə, kömək edə bilərdi. Paşinyan Ermənistanı isə, belə bir kritik vəziyyətdə Rusiyaya dalını, Qərbə üzünü çevirdi. Qərb də, məlum olduğu kimi, hətta Ukraynaya real kömək etmir, yalnız təzə vədlər və köhnə silahlar verir. Bir də, Rusiyanı zəiflətmək üçün iqtisadi sanksiyalar tətbiq edir. Amma Rusiya nəhəng ölkədir və onu zəiflətmək asan deyildir...
Bəli, yüz illərlə həllini tapmayan, hər dəfə yenidən alovlanan Qarabağ problemini MÜDRİK SİYASƏTÇİ – AZƏRBAYCAN LİDERİ birdəfəlik həll etdi. Düşünürəm ki, Azərbaycanın bütün problemlərini də həll edəcək. Əsrin problemini həll edən lider üçün gündəmin problemləri adi iş prosesidir. Sadəcə olaraq, zaman, xalqın dəstəyi və inam gərəkdir... Hesab edirəm ki, gündəmdə olan seçkilər də Azərbaycan liderinə bu zamanı verəcək, bu inamı göstərəcəkdir...
MİA.AZ