Yanvarın 30-da Azərbaycan Milli Xalça Muzeyində Əməkdar rəssam, qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” adlı fərdi sərgisinin açılışı olub. 

Mia.az xəbər verir ki, sənətkarın yaradıcılığının 50 illiyi münasibətilə keçirilən sərgidə 30-a qədər qobelen təqdim edilir. Burada Adil Şıxəliyevin keçmişdə və müasir dövrdə ölkəmizin həyatında baş vermiş mühüm tarixi hadisələrə həsr olunan “Qarabağdan məktub”, “Zəfər yolu”, “Şuşa” (triptix), “Vətənim mənim”, “Şuşada toy” əsərləri, Azərbaycanın Ümummilli Liderinə ithaf edilən “Heydər Əliyev” portreti, milli ornamentlərlə zənginləşdirilmiş “Köç” qobeleni sərgilənir. Tamaşaçılar rəssamın yaradıcılığının mühüm hissəsini təşkil edən Abşeron motivli “Nar bağı”, “Mamırlı daşlar”, “Abşeron”, “Qızıl balıq” kimi əsərlərlə, həmçinin  real və mifik heyvanların, gül və ağac təsvirlərinin əks etdirildiyi müxtəlif mövzulu qobelenlərlə tanış olurlar. 

Ziyarətçilər bir çox yerli və xarici sərgilərin iştirakçısı olan, qobelen texnikasının imkanlarından maksimum yararlanaraq “Odlar yurdu” və “Payız çiçəkləri” kimi əsərlər ərsəyə gətirən rəssamın ecazkar yaradıcı dünyasını kəşf edirlər. 

Sərgidə Adil Şıxəliyevin qobelenləri ilə yanaşı, özünün təbii boyaqlarla rənglədiyi, onun ideyalarına həyat verən iplər və onların rənglənməsində istifadə edilən bitkilər də təqdim olunur.

Sərgi martın 6-dək davam edəcək.