"Premium Bank" 2023-cü il üzrə maliyyə hesabatlarını açıqlayıb.

Mia.az xəbər verir ki, ötən il “Premium Bank"ın xalis mənfəəti 2022-ci illə müqayisədə 36.4% və ya 1,9 milyon manat artaraq 7 milyon 453 min manat təşkil edib. 2022-ci ildə bank 5 milyon 466 min manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə bankın faiz gəlirləri 3.5% artaraq 31 milyon 784 min manat, faiz xərcləri isə 7.6% artaraq 10 milyon 695 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 17 milyon 837 min manat ( illik müqayisədə 1.7% az ), qeyri-faiz xərcləri isə 31 milyon 425 min manata ( illik müqayisədə 10.8% çox) bərabər olub. Beləliklə, bank bu dövrdə 7.5 milyon manat əməliyyat mənfəəti əldə edib ki, bu da 2022-ci ilə nisbətən 28.9% azdır.

2023-cü ildə “Premium Bank” kiçilib. Belə ki, ötən il bankın aktivləri 1% və ya 7 milyon manat azalaraq 685 milyon 116 min manat təşkil edib. Bu dövrdə bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 8% artaraq 471 milyon 866 min manata çatıb.

Bu dövrdə “Premium Bank”ın cəmi öhdəlikləri 507 milyon 823 min manat təşkil edib ki, bu da illik müqayisədə 0.4% və ya 1.8 milyon manat azdır. Hesabat dövründə bankın depozit portfeli də 8.5% və ya 39.7 milyon manat azalaraq 426 milyon 770 min manata enib. Fiziki şəxslərin depozitləri əvvəlki illə müqayisədə 2.9% və ya 9.8 milyon manat azalaraq 330 milyon 857 min manat, hüquqi şəxslərin depozitləri isə 23.8% və ya 29.9 milyon manat azalaraq 95 milyon 913 min manat təşkil edib.

2024-cü il yanvar ayının 1-nə “Premium Bank”ın cəmi kapitalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.9% və ya 5.2 milyon manat azalaraq 177 milyon 293 min manat təşkil edib./APA