ZAHİD ORUC
Millət vəkili
***
Serbiyada parlament seçkilərindən sonra müxalif qüvvələrin etiraz aksiyaları keçmiş sosialist ölkələrində Qərbin müstəqil, milli və suveren dövlətlərə qarşı maydan inqilablarının davamıdır.
Prezident Vuçiç haqlı olaraq şəhər meriyasına zorakı hücumun xaricdən idarə olunan, Brüsseldən təyin edilən, Rusiya əleyhinə sanskiyalara və NATO-ya qoşulan hökumət qurmaq planının tərkib hissəsi adlandırıb. Özünü müstəqil sayan, lakin tərəfsizlik prinsipini hər addımda pozan CNN televiziyası müxalifətin əsas tribunasıdır. Amerika və Almaniyanın qeyri-hökumət təşkilatları və siyasi institutları etirazçıları, xüsusilə tələbə-gəncləri fasiləsiz aksiyalara, toqquşma və dövlət çevrilişinə səsləyir. Bir vaxtlar Slobodan Miloşeviçi Haaqa tribunalında mühakimə edənlər Serbiyaya elə bir rəhbər seçilmək istəyir ki, xalq Kosovonanın müstəqilliyi ilə birdəfəlik barışsın. Bizə tanış mənzərədir, deyilmi?
Siyasi hakimiyyətə dinc yolla gəlməyi 200 ildir təbliğ edən Amerikada 2020-ci ilin prezident seçkilərinin nəticələrinə etiraz edənlərin 2021-ci ilin 6 yanvarında Kapitoliyə hücumunu “dövlət çevrilişinə cəhd”, iştirakçıları “daxili terrorçular” adlandıran Federal Məhkəmə Kapitoli üsyanında 60 nəfəri istintaqa çəkdi. Bir çox aksiyaçıya ən yüksək-7 il həbs cəzası çıxarıldı. Beynəlxalq hesabatlarda ölkələri avtoritar, qeyri-azad və ya demokratiya adası sayanlar Vaşinqtondakı azadlıq mübarizəsinə hər cür ləkə atdılar.
Kapıtoli qiyamından sonra demokratiya etalonu olan ölkənin sabiq prezidentinin bütün sosial şəbəkə hesabları donduruldu, indi isə Kolarodo Ali Məhkəməsi hüququ deyil, siyasəti əsas götürərək ştat ərazisində Donald Trampın seçkilərdə iştirakını qadağan edib. Təsəvvürünüzə gətirin ki, Respublikaçılar partiyasının əsas namizədinə qarşı qanunsuz tədbirlər bizim ölkəmizdə müxalif təmsilçilərə qarşı törədilsəydi, əksər Avropa mediası və parlamentariləri ölkəmizin mühakiməsinə necə qalxardılar. Lakin Tramp Azərbaycan müxalifətinin lideri olmadığı üçün onun hüquqlarının qorunmasına Human Rights Watch və digər təşkilatlar qoşulmur.
Narıncı və məxməri inqilablar, Qərbin demokratiyanı silaha və işğal alətinə çevirməsinin qan rəngli nümunələridir. 14-28 mayda Türkiyə dövləti Ərdoğanın liderliyi ilə qlobal ssenariləri pozduğu üçün, xarici diqtə və çevrilişlər dövrünü arxada qoyduqlarını dünyaya nümayiş etdirmişdilər.
Azərbaycan xalqı 44 müqəddəs gündə təkcə işğala qarşı deyil, həm də dövlətimizin siyasi gələcəyini müstəqil müyyənləşdirməyə nail oldu. Ölkəmizə qarşı xarici təzyiq və müdaxilələrin əsas hədəfi demokratiya deyil, separatizm və təcavüzün cəngində torpaqlarımızı, sərvətlərimizi ələ keçirməkdir. Ona görə də seçkiləri geosiyasi mübarizə arenasına çevirən Qərb Gürcüstan və Ukraynanı hərbi toqquşma meydanına çevirdilər. Ağır nəticələri hamıya bəllidir. Oxşar ssenari ilə keçmiş Yuqoslaviyanın varisi olan Serbiyadan Kosovanı ələ keçirdikləri kimi, Qarabağı Azərbaycandan qopara bilməmələri onların ən böyük siyasi məğlubiyyətidir. Vətən müharibəsi məxməri inqilablara da qalib gəldi.
MİA.AZ