Bu gün Prezident İlham Əliyev iki yeni sərəncam da imzalayıb.

Mia.az xəbər verir ki, Prezident İlham Əliyev əvvəlcə Şəmkir rayonunun Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, beş min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Şəmkir Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

**** 

Prezident İlham Əliyev "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında da sərəncam imzalayıb.

Sərəncamla "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib.

Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Səhiyyə Nazirliyinə həvalə edilib.

Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.