Tanınmış
stilist-vizajist Şəfəq Novruzova biznesini genişləndirib. Xalq artisti,
Akademik Milli Dram Teatrının aktyoru Ramiz Novruzun qızı olan Şəfəq gözəllik
salonu şəbəkəsinə daha birini əlavə edib.
Mia.az-ın məlumatına
görə, "Şafa studio” adlanan salonun açılış mərasimində başda vizajistin ailə
üzvləri – atası R. Novruz, anası və qardaşı müğənni Cavidan Novruz olmaqla bir
çox tanınmış simalar da iştirak edirdi. Onların arasında xalq artisti Firəngiz
Mütəllimova, əməkdar artistlər Vəfa Zeynalova,
Münəvvər Əliyeva, Anar Heybətov, müğənnilər Zarina Məmmədova, Emil Bədəlov, Xatun, Məryəm Şabanova,
prodüser Təranə Səmədova, aparıcı Lamiyə Ələkbərqızı və KİV nümayəndələri də
vardı.
Övladları ilə
qürur duyduğunu deyən xalq artisti R. Novruz onlara hər zaman dəstək olduğunu
dedi: "Övladlarıma hər zaman məsləhətim bu olub ki, yaxşı bacardıqları işlə məşğul
olsunlar. Onlara sənət seçimindən mane olmamışam, amma məsləhət vermişəm”.
Atası və
qardaşından fərqli yol seçən Ş. Novruzova isə bu işə biznes kimi baxmadığını
dedi: " Əslində elə mən də yaradıcı işlə məşğulam. Əsas məqsədim budur ki, hər
evdən mənə bir dua gəlsin. İstər ustalarım, istər müştərilərimin duaları məni
çox sevindirir. Allah mənim başımdan ona görə tökür ki, mənə dua edənlər
çoxdur”.
17 ildir vizaj sənəti
ilə məşğul olan Şəfəq qadınlara məsləhət verməyi də unutmadı. Vizajist
makiyajda daha çox göz kölgələrinə önəm verməyi məsləhət gördü: " Göz kölgələrindən,
göz xətlərindən düzgün istifadə etmək lazımdır. Saçlarda isə təbiiliyə üstünlük
versinlər. Bəzən öz yığdığımız saçlar daha təbii olur. Biz müştərilərimiz təbiilik veririk . Biz iş başında olanda maddiyyatı
unuduruq”.























































