Az öncə Dövlət İqtisad Universitetində İctimaiyyətlə əlaqələr və tələbələrlə iş üzrə prorektor vəzifəsindən azad edilən hakim Yeni Azərbaycan Partiyasının universitet təşkilatının sədri Zəfər Bayramova qarşı xüsusi ittiham qaydasında şok iddia qaldırılıb.
Bu barədə Mia.az-a daxil olan məlumata görə, YAP-çı
sədrin məhkəməyə verilməsinə səbəb mərhum prezident Heydər Əliyevin vaxtı ilə universitetin
yubileyində etdiyi çıxışın təhrif edilməsi və bu çıxış əsasında universitetin professoru,
iqtisad elmlər doktoru Bədirxan Musayevə böhtan atılması olub: «Zəfər Bayramov iqtisad
elmləri doktoru Bədirxan Musayevin keçmiş rektor Şəmsəddin Hacıyevdən etdiyi şikayətlərə
münasibətini açıqlayarkən, professoru təhqir edən ifadələr işlədib. O, həmin çıxışında
Heydər Əliyevin universitetin yubileyində etdiyi çıxışı da təhrif edib ki, bu da
birbaşa məhkəmə predmeti olub. Artıq bu işə Yasamal rayon Məhkəməsində baxılıb.
Lakin həmin məhkəmənin hakimi YAP-çı sədrə qarşı verilmiş iddia ərizəsini icraata qəbul etməyib. Buna görə Bakı Apellyasiya Məhkəməsinə şikayət edilib. Həmin məhkəmənin
hakimi Mirpaşa Hüseynov YAP təşkilat sədrinin çıxışında yer alan ifadələrin, o cümlədən
mərhum Heydər Əliyevin fikirlərinin təhrif edilməsinin iddia ərizəsində qeyd edilən böhtan və təhqir olub-olmamasını
müəyyənləşdirmək üçün işi ekspertizaya göndərib».
Mia.az-a daxil olan məlumata görə, may ayının sonunda
ekspertiza rəsmi rəyini məhkəməyə göndərib. Və ən maraqlısı odur ki, aylardır məhkəmələrin
ötür-ötür oyununa saldığı məsələ ekspertizanın rəyi ilə icraata qəbul edilmək məcburiyyətində
qalıb: «Ekspertiza Zəfər Bayramovun çıxışında təhqirə yol verdiyini təsdiqləyib.
Bu isə o deməkdir ki, YAP-çı sədr ona qarşı Cinayət Məcəlləsinin 147.1 və
148-ci maddələri ilə xüsusi ittiham qaydasında qaldırılmış iddiaya məhkəmədə cavab
verəcək».
Məlumatda deyilir ki, hakim Mirpaşa Hüseynov iş üzrə
iyunun 4-nə iclas saatı müəyyən edibmiş. Lakin həmin günü Zəfər Bayramov və nümayəndəsi
məhkəmə iclasına gəlmədiyindən proses təxirə salınıb: «Buna görə hakim Mirpaşa Hüseynov iclası iyunun 11-nə təyin edib».
Məsələ ilə bağlı Zəfər Bayramovdan münasibət öyrənə
bilmədik. Onu da dinləməyə hazırıq.
İqtisad elmləri doktoru Bədirxan Musayev isə Mia.az-a
faktı təsdiqləyib. Deyib ki, Zəfər Bayramov mərhum Heydər Əliyevin fikirlərini təhrif
edib və bununla həm ona, həm də keçmiş prezidentə böhtan atdıqları üçün təkcə YAP-çı
təşkilat sədri deyil, keçmiş rektor Şəmsəddin Hacıyevin yaxın adamlarını da
məhkəməyə verib: «Lakin nə bu iddialarım, nə də şəxsən Şəmsəddin Hacıyevə qarşı
tələblərimlə bağlı ərizələrimi hakimlər bəlli səbəblərdən qəbul etməkdən
yayınıblar. Açıq şəkildə mənə deyiblər ki, Şəmsəddin Hacıyev deputatdır,
toxunulmazlığı var. Ancaq mən ruhdan düşmədim. İstəmədim ki, mərhum Ulu öndərin
fikirlərini kimlərsə təhrif edərək, ucuz maraqları naminə istifadə etsinlər.
Odur ki, ardıcıl mübarizə aparmaqla, nəhayət, Zəfər Bayramovla bağlı şikayətimi
icraata qəbul etdirdim. Bəli, ekspertiza mənim ərizəmdə qeyd edilən tələblərlə
bağlı müsbət rəy verib. Düşünürəm ki, bu məsələyə görə təkcə Zəfər Bayramov yox,
başda Şəmsəddin Hacıyev olmaqla, onun universitetdəki yaxın ətrafı (Bəzilərini yeni rektor işdən çıxarmaqla,
cəzalandırıb – Bədirxan Musayev) cavab verməlidirlər».
Mia.az