Azərbaycan Respublikası Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi cari
ilin yanvar-may aylarında Daxili İşlər Nazirliyinin İnsan
Alverinə Qarşı Mübarizə İdarəsi tərəfindən yönləndirilmiş
21 nəfər insan alveri qurbanına və 12 nəfər insan
alverinin potensial qurbanına müxtəlif formada yardımlar göstərib.
Nazirliyin mətbuat xidmətindən Mia.az-a daxil olan məlumata görə, qeyd olunan şəxslərdən 3 nəfərinə maliyyə yardımı göstərilib, 4 nəfər ünvanlı dövlət sosial yardımının təyinatı üçün müvafiq rayon ƏSMM-nə, 2 nəfər isə məşğulluqlarının təminatı üçün Dövlət Məşğulluq Xidmətinə istiqamətləndirilib. Habelə 6 nəfərə psixoloji, 2 nəfərə tibbi, 17 nəfərə hüquqi yardımlar göstərilib, 1 nəfər belə şəxsin övladı körpələr evi – uşaq bağçasına yerləşdirilib. Mərkəz digər şəxslərin də hər biri ilə fərdi qaydada iş apararaq, onların bu və ya digər çətinliklərinin aradan qaldırılması, reinteqrasiyası və sosial reabilitasiyası məqsədilə müvafiq tədbirlər həyata keçirib.
Eyni zamanda, insan alveri haqqında və insan alveri qurbanları ilə davranış qaydaları ilə bağlı cəmiyyətdə məlumatlılığın artırılması üçün Mərkəz tərəfindən ölkənin müxtəlif regionlarında müxtəlif formalı ictimai maarifləndirmə işləri aparılıb.