Bakının Yasamal rayonu ərazisində yerləşən "Göl" restoranının bir gecənin içində dağıdılması haqda bu gün yayılan xəbərlərlə bağlı Mia.az-a məlumat daxil olub.
Mia.az xəbər verir ki, sözügedən "Göl" restoranını Yasamalın keçmiş polis rəisi, hazırda Lənkəranın polis rəisi vəzifəsində işləyən polis polkovniki Möhübbət Hüseynova məxsus olub: «O, Yasamalın polis rəisi olanda buranı oğlunun adıyla almışdı. Sonradan bu restoranda bir neçə dəfə təmir işləri də aparmışdı. Həmin təmir işləri haqda qəzetlərin birində də məlumat verilmişdir».
Mənbə polis rəisinin həmin restoranı başqasına satması haqda deyilənlərə dəqiq aydınlıq gətirə bilməyib: «Düzü, dəqiq bilmirəm, söküntü restoran satılması ilə və yaxud Möhübbət Hüseynovun özünün təşəbbüsüylə baş verib. Bildiyim odur ki, o, restoran dəqiq polis rəisinindir».
Xatırladaq ki, saytlarda yayılan məlumatlara görə,iki gün öncə restoranın qalan hissəsi də yerlə yeksan edilib. Ərazidə yaşayan sakinlərin verdikləri məlumata görə, iki gün bundan əvvəl restoranın yuxarı hissəsində yerləşən trenajor zalı bir gecənin içində sökülüb.
Trenajor zalında məşq edən insanlar isə bildirirlər ki, səhəri gün idman etmək üçün oraya gəldikdə restoranın bütün ərazisinin "şumlandığını" görüblər, söküntü olan yerdə isə 15-ə yaxın polis müfəttişi əraziyə nəzarət edirmiş.
Yasamal rayonu 24 saylı Mənzil İstismar Sahəsindən bildirilib ki, həmin restoranın ərazisini başqa bir şəxs alıb: "Göl" restoranının ərazisi başqa bir şəxs tərəfindən alınıb. Ona görə də restoran və onun yanında yerləşən məşq zalı sökülüb. Yerində isə nəyin tikiləcəyi hələ ki, məlum deyil".
Mia.az