Türkiyədə yaşayan mərakeşli model və aktrisa İman Kasablanka gözəl qadınları ətrafına toplayaraq dələduzluq və digər çoxsaylı ittihamlarla ömürlük həbs olunan Adnan Oktarla illər əvvəl tanış olduğunu və ona pul təklif edildiyini bildirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə o, “Posta” qəzetinə müsahibə verib.

İman Kasablanka 2017-ci ildə məskunlaşdığı Türkiyədə həmin vaxtı çox adam “Biz bir reklam agentliyik, sizinlə iş müzakirə etmək istəyirik” adıyla onunla görüşdüklərini deyib.

Kasablanka belələrindən birinin də Bora Yıldız olduğunu bildiirib: "Onunla görüşdüm. Mənə Adnan Oktardan danışdı. Dedi, "Çox güclü bir iş adamıdır. Sənə inansa, çox qabağa gedəcəksın". Mən də tərifə aldanıb, onunla görüşə getməyə razılaşdım".

Bora Yıldızın onu Adnan Oktarın yanına apardığını bildirən Kasablanka yaşadıqlarını bu sözlərlə ifadə edib:

“Orada çox qorxdum, nəhəng bir malikanədə idik. Qapıda silahlı mühafizəçilər var idi. O zaman yanlış yerdə olduğumu dərhal dərk elədim. Adnan Oktar da dərhal yanımıza gəldi. Mənə özü haqqında danışmağa başladı. O, kitablarının fransızca variantını verib və onları özünün yazdığını dedi. Mən fransızca danışmağa başlayanda isə cavab verə bilmədi. Fransızca kitab yazırsan, amma fransızca cavab verə bilmirsən, çox qəribədir, deyilmi?”.

Orada qalmaq və A9 kanalında verilişlərə qatılmaq üçün təşkilat üzvlərinin ona yüksək qonorar təklif etdiyini bildirən Kasablanka malikanədən çıxmaq üçün yalan danışdığını etiraf edib: "Həmin an "yox" desəydim, başıma bir iş gələ biləcəyindən qorxdum. "Evə gedib əşyalarımı yığmalıyam. Sabah qayıdacam" deyib oradan çıxdım. Çıxan kimi, Bora Yıldızı hər yerdən blokladım. Agentlik olduğunu düşündüyüm yerdə ünvanımı blanka yazmışdım. Ona görə də İstanbulun Cihangir səmtində ünvandan Tarabyaya köçdüm. Ondan sonra mənə çox axtardılar, ancaq onlarla təmas qurmadım...".

Ləman

MİA.AZ