Dünən İstanbul şəhərindəki Türkiyə Ədəbiyyat Vəqfində tanınmış azərbaycanlı alim-kulturoloq, Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingiz Abdullayevin qardaş ölkədə yeni nəşr edilən kitablarının təqdimat mərasimi keçirilib. 

Mia.az xəbər verir ki, Sultan Əhməd məscidi ilə Ayasofiya Böyük Məscidinin əhatəsində yerləşən Türkiyə Ədəbiyyat Vəqfində təşkil olunan tədbirdə nüfuzlu elm-mədəniyyət adamları, ictimai siyasi xadimlər iştirak edib.  

Görüşə toplaşanları salamlayan Türkiyə Ədəbiyyat Vəqfinin sədri Serhat Kabaklı professor Çingiz Abdullayevin keçdiyi ömür yolundan danışıb, elmi və ictimai fəaliyyəti barədə geniş məlumat verib.

Vəqf sədri bildirib ki, azərbaycanlı alimin yeni nəşr etdirdiyi “Kardeş ülkeler” və “Türkiyənin çokkültürlü mühiti” (türk və ingilis dillərində) kitabları Türkiyə Cümhuriyyətinin 100 illiyinə sanballı töhfədir. Serhat Kabaklı qeyd edib ki, müəllifin iştirakı ilə keçirilən təqdimat mərasimi Türkiyə-Azərbaycan arasında elmi və mədəni əlaqələrin inkişafının göstəricisi sayıla bilər. 

Azərbaycan ədəbiyyatının Türkiyədə yorulmaz təbliğatçılarından sayılan İmdat Avşar hər üç kitabın əhəmiyyətindən danışıb, müəlliflə yaradıcılıq əlaqələrindən bəhs edib. Almaniyada yaşayan tanınmış yazıçı-tərcüməçi Orhan Araz çıxış edərək bildirib ki, “Ön söz” yazdığı “Kardaş ülkeler” kitabında professor Çingiz Abdullayev çox aktual məsələlərə toxunub. 

İngilis dilində çap olunan “Türkiyənin çokkültürlü mühiti” kitabının “Ön söz” müəllifi doktor Christian Johannes nəşrin elmi əhəmiyyətindən danışaraq, Avropada böyük maraqla qarşılanacağına inandığını ifadə edib.  

Kitabın türkcəsinin “Ön söz” müəllifi Çanakkale 18 Mart Universitetin professoru Vedat Çalışkan bildirib ki, bu sanballı nəşr professor Çingiz Abdullayevin çoxillik elmi araşdırmalarının məhsuludur. 

Söz alan İstanbuldakı Azərbaycan Kültür Evinin rəhbəri Hülya Aksoy, Yedditəpə Universitetinin professoru, soydaşımız Teymur Rzayev təqdim olunan nəşrlərin elmi əhəmiyyətindən danışıb, müəllifə uğurlar arzulayıblar. 

Professor, Alman-Azərbaycan Cəmiyyətinin sədri Çingiz Abdullayev tədbirə gələnlərə minnətdarlığını bildirib, təqdimat mərasiminin Türkiyə Cümhuriyyətinin 100 illiyi ərəfəsinə təsadüf etməsinin rəmzi məna daşıdığını vurğulayıb. 

Təqdimat mərasiminin iştirakçıları Çingiz Abdullayevin  ssenarisi ilə çəkilən “Mühit” sənədli filminə tamaşa edərək çay süfrəsi arxasında fikir mübadiləsi aparıblar. 

Sonra tədbir “Türkiyənin çokkültürlü mühiti” kitabının tədqiqat obyektlərindən biri- İstanbulda polşalıların yaşadığı Polonezköydə davam etdirilib. Müəllif kitabı kəndin muzeyinə bağışlayıb.  Sonda azərbaycanlı alimə kənd sakinləri adından xatirə hədiyyəsi təqdim olunub. 

MİA.AZ