İsrail əsilli Türkiyə vətəndaşı, məşhur müğənni Linet Mor Menaşe sosial media hesabında "Həmas qatildir" paylaşımına qarşı çıxanlara cavab verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Həmas qatildir" sözünə və Qəzzada 500-dən çox insanın öldüyü xəstəxananın bombalanmasına səssiz qaldığı üçün tənqidlərə məruz qalan Linet "İnstagram2dakı növbəti paylaşımında özünü müdafiə edib. 

Müğənni onu tənqid edənlərə cavab olaraq yazıb: "...Mən 500 il əvvəl Osmanlı İmperiyası dövründə əcdadlarım Türkiyəyə gələndən bəri bu torpaqda yaşayan yəhudi ailəsinin üzvüyəm. Mən 30 ildir bu torpaqlarda sənəti ilə məşğul olan, bu torpaqlardan çörəkpulu qazanan, bu ölkədə vergi ödəyən Türkiyə vətəndaşıyam. Biz bu torpaqda həmişə müsəlman, xristian və yəhudi olaraq mehriban, qardaş, qonşu kimi yaşamışıq. Bundan sonra da bu şəkildə yaşamağa davam edəcəyik. Hamınız kimi, mən də günlərdir davam edən bu vəhşiliyi yaşadım və yaşamaqda davam edirəm.

Yeganə arzum odur ki, bu qəddarlığa, qan tökülməsinə hər iki tərəf tez bir zamanda son qoysun. Ailə üzvlərim, balaca qardaşlarım, dostlarım hazırda müharibənin ortasındadırlar. Müharibədə qalib yoxdur. Tökülən qanın dini, dili, irqi yoxdur! Məni mühakimə edib, belə bir məsələ ilə hədəfə götürənin vicdanı olmaz. Şərhlərinizi bildirərkən sizi vicdanlı və sağlam düşüncəli olmağa dəvət edirəm. Arzum budur ki, axan qanlar dayansın və bu müharibə tez bir zamanda bitsin. Bütün dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirəm”.

Ləman

MİA.AZ