Artıq 5 gündür Müstəqil İnformasiya Agentliyinə məxsus olan Mia.az xəbər portalına Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan «Bankinternet» provayderindən giriş qeyri-mümkün hala çevrilib.
Mia.az saytının rəhbərliyi yaranmış problemlə bağlı bu gün artıq Prezident İlham Əliyevə elektron müraciət göndərib: «Həmin müraciətdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən sayta yaradılan məqsədli problemin səbəbləri qeyd olunaraq, ölkə prezidentindən kömək istənilib. Əminik ki, Prezident İlham Əliyev yaranmış problemin həlli ilə bağlı söz və fikir azadlığını boğmağa çalışan Əli Abbasova müvafiq göstərişi verəcəkdir».
Sayt rəhbərliyi onu da bildirir ki, sabah Prezident İlham Əliyevə, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevə və Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənova və nazir Əli Abbasova yazılı müraciət də göndəriləcək.
Xatırladaq ki, sayta qarşı yaradılan problem «Əli Abbasovun milyonluq taksofon əməliyyatı – Təkzibedilməz fakt» yazısından sonra başlayıb.
Nazirlik rəsmiləri bunu inkar etməyə çalışsalar da, fakt budur ki, digər provayderlərin istifadəçiləri belə hala üzləşməyiblər. Odur ki, müxtəlif bəhanə və inkarçılıqdansa, nazirliyin rəhbər şəxsləri obyektiv olmağa səsləyirik.