Laçın şəhərinə köçmüş sakinlər üçün iyulun 11-də Şuşa Dövlət Musiqili Teatrının təqdimatında “Lənkəran xanının vəziri” komediyası nümayiş olunub.

Mia.az xəbər verir ki, Bakıdan uzun yol gələn truppa tamaşa meydançası kimi qurulmuş çadırda dekorlarını quraraq publikanın qarşısına xüsusi sevinclə, ruh yüksəkliyi ilə çıxıblar. Teatrın direktoru, Əməkdar artist Yadigar Muradov çıxışında Laçının işğaldan öncəki gözəl günlərini, bu məkanla bağlı xatirələrindən ən kövrək anları yada salıb.

Tamaşada baş rollardan birinin ifaçısı, əslən laçınlı Mətanət Eres Şuşa ilə Laçın arasındakı 32 kilometrlik məsafənin tarixin və taleyin hökmü ilə düz 31 ilə qət edildiyini söyləyib, bu günləri yaxınlaşdıran hər kəsə təşəkkürünü bildirib.