Azərbaycanın tanınmış şairi, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs yeni qələmə aldığı hekayəsini “Qafqazinfo”ya təqdim edib.
Mia.az həmin hekayəni oxucularına təqdim edir:
Altı-yeddi ilin söhbətidi, qaşınmayan günlərimdən biriydi, hə, lap dəqiq...
Əlisəmid Kür olsa, yazıya belə başlayardı:
içmədiyim gün idi,
Aydın Can:
dalaşmadığım...
İyulun elə istisidi ki, deyirsən, bu saat yayın oxu yanacaq. Birinci Qarabağ müharibəsi veteranı kitab təqdimatına çağırıb, müəllifi görməsəm də, əminəm:
bizim kənddən nəsə yazıb,
ya orda döyüşüb,
ya yaralanıb,
ya da elə-belə adını çəkib.
Səhər işə gələndə maşını kölgədə saxlamışam, oğlana da bərk-bərk tapşırmışam gün çıxanda yerini dəyişsin, elə bil Hunday-ın burnundan qan açılasıdı gündə...
Günorta aşağı düşəndə nə görsəm, yaxşıdı:
arabam günün altında,
açar üstündə,
"parkovşik" də ilim-ilim itib.
Əlimi gözümün üstünə qoyub Nərimanovun heykəlinə sarı sürdüm, hündür binanın qabağında saxlayıb ətrafı gözdən keçirdim. Saat ikinin yarısıdı. Küçədəsə heç yarım adam da yoxdu ki, soruşum Müşfiq kitabxanası hardadı. Maşından düşüb aşağı-yuxarı təpik döysəm də, bir bəni-Adəmə rast gəlmədim. Günün altında bişən Nərimanova yazığım gəldi, fikirləşdim, imkan tapsam, onu da tədbirə aparacam.
Nəriman Nərimanov – öldürülüb, Mikayıl Müşfiq – o da... Müşfiqin qəbri də yoxdu... onu dənizə atıblar...
Xəzərə nifrətlə baxdım. Utanıb üzünü çevirdi...
Gün təpəmi deşir artıq, Müşfiqin kitabxanası, deyilənə görə, buralardadı. Bircə tapsam!
Dənizdən meh əsdi qəfil. Elə bildim, Müşfiqin ruhudu.
Başımı qaldırıb çığırdım:
– Hardasan, ay Müşfiq?!
Səsim küçəni başına götürdü...
– Yuxarıdayam, Qulu Ağsəs!
Tez özümü maşına təpdim, qazsız su, üstündən də saqqız, özümə gəldim. Gün vurub məni. Keçdi...
Düşüb bir də bağırdım:
– Ay Müşfiqqq!..
– Yuxarıdayam, düşürəm indi...
Səsə sarı boylandım...
Gün-zad vurmayıbmış məni:
Müşfiqdi!
Eyvanda siqaret çəkir!
Maykada!
Müşfiq Cabiroğlu.
Blokdakı lövhə indi gözümə sataşdı: Burda Xalq şairi Cabir Novruz yaşamışdır...
– Mən... o biri Müşfiqi axtarıram. Sən düşmə, özüm taparam...
Ötən həftə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasına dəvət almışdım – kitab satınalma komissiyasına. Həmin yerdən keçdim.
Dü-üz ordan! Müşfiq Cabiroğlunun eyvanına baxdım. O, beş ildi ki, bir az da yuxarı qalxıb...
Özü də iyunda...
Böyük Müşfiqin 110 illik yubileyindən 5 gün sonra...
Cabir Novruz oğluna bu adı nakam şairin şərəfinə qoyubmuş...
Həmin binanın qabağından dənizə baxdım.
Əsən mehdən siqaret iyi gəlirdi...
P.S. Sən demə, orda Müşfiq adına kitabxana yox imiş, məni Cəfər Cabbarlı adına kitabxanaya çağırıblarmış...
MİA.AZ