Xəbər verdiyimiz kimi, müəllifi mərhum bəstəkar, Azərbaycanın xalq artisti Emin Sabitoğlunun adı qeyd olunan müğənni Rusonun ifa etdiyi "Ay gecə” mahnısına çəkilən klipin "Youtube”da yayımlanan anonsunda həm müəllif hüquqları, həm də yaradıcı keyfiyyətinə görə birmənalı qarşılanmayıb, ajiotaj yaradıb.
Məlumat üçün
bildirək ki, mahnının əsl müəllifi Azərbaycanın xalq
yazıçısı İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən” pyesinin motivləri əsasında
1987-ci ildə çəkilən eyniadlı filmin bəstəkarı və mahnının ilk ifaçısı Qasım Xəlilovdur.
Erotik görüntülərdən
ibarət çəkilən klipin anonsunda digər nəzərdən yayınmayan məqam isə mahnının
sözlərinin müəllifinin Həsən Ağayev olmasıdır. Amma mahnının sözlərinin əsl müəllifi
Azərbaycanın xalq şairi Nəbi Xəzridir. Onu da bildirək ki, mahnının sözlərində əlavələr
və dəyişikliklər olub.
"Youtube”da
yayımlanan klipin anonsundan göründüyü kimi, daha çox açıq-saçıq geyimlərdə rəqs
edən gənc kollektivlərdən və erotik görüntülərdən istifadə olunub. Təbii ki,
bu, diqqət çəkməyə bilməzdi...
Müqayisə
baxımdan filmdəki səhnələrlə klip arasında oxşarlıqlar var ki, bunun da
nümayişi təhqiramiz şəkildə göstərilib. 1987-ci ildə xalq artisti Gülcahan Güləhmədova
və əməkdar incəsənət xadimi Tariyel Vəliyevin rejissoru olduğu "Sən həmişə mənimləsən”
filmində tanınmış aktrisa Məlahət Abbasova baş rolu-Nargilə obrazını
canlandırıb. Filmdəki bir səhnədə Nargilə kluba gəlir və gənclərə qayınıb-qarışmaq
üçün pop-estrada janrında olan "Ay gecə” mahnısını Azərbaycan qızlarına məxsus milli
üslubda təqdirə layiq şəkildə rəqs edir. Bunun tam əksi olaraq, klipdə rəqs edən
müasir "Nargilə” mini şort geyimdədir və erotik ab-hava yaradır.
Təbii ki, 80-ci
illərlə bügünkü günümüz arasında bir çox istalahlar baş verib, amma bu ona dəlalət
etmir ki, əqli-mülkiyyət hesab olunan yaradıcı məhsullar və onun müəllifləri bu
formada təqdim olunsun.
Artıq məsələylə
bağlı hər iki tərəf müəyyən qədər məlumatlıdır. Buna isbat olaraq, müğənni
Rusonun "Ay gecə” klipi tam versiyada "Youtube”da yayımlanıb və musiqi müəllifi
Qasım Xəlilov olduğu qeyd olunub. Mahnının sözlərinin müəllifi adı isə
yazılmayıb. Əvəzində Həsən Ağayev arnjiman müəllifi kimi qeyd olunub.
Məsələylə bağlı
araşdırma davam edir və tərəflərin mövqeyini dərc etməyə hazırıq.