Şuşa şəhərində təşkil olunan “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı çərçivəsində mayın 9-da Cıdır düzündə konsert proqramı təqdim olunub.
MİA.AZ xəbər verir ki, konsert proqramında TÜRKSOY-a daxil olan ölkələr, regionun türkdilli ölkələri və xalqlarının yaradıcı kollektivlərinin təqdimatında bir-birindən maraqlı ifaları dinlənilib. Konsert çərçivəsində incəsənət ustaları təmsil etdikləri ölkə və regionun musiqi mədəniyyətini tamaşaçılara təqdim ediblər.
Konsertdə Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumu (Qaqauz Yeri), Özbəkistan, eləcə də Özbəkistanın Qaraqalpaqıstan Muxtar Respublikası, Rusiya Federasiyasının Altay, Xakasiya, Saxa (Yakutiya), Tatarıstan, Tıva respublikaları, Şimali Kipr Türk Cümhuriyyəti, Türkiyə, Türkmənistandan olan musiqi kollektivlərinin və ifaçıların çıxışları maraqla qarşılanıb.
Sonda Türk dünyasının solistləri birlikdə "Qarabağ" kompozisiyasını ifa ediblər.
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı mayın 11-dək davam edəcək.
Festival çərçivəsində konsert proqramları, sərgilər və müxtəlif təqdimatlar olacaq.
***
Bu gündən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır.
Mia.az xəbər verir ki, dünəndən festival iştirakçıları artıq Şuşaya gəlməkdədir.
Qeyd edək ki, Şuşa şəhəri 2023-cü ildə həm də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Budəfəki “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında da TÜRKSOY-a daxil olan ölkələr, regionun türkdilli ölkələri və xalqlarının yaradıcı kollektivləri iştirak edir.
9-11 may tarixlərində davam edəcək festivalda Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumu (Qaqauz Yeri), Özbəkistan, eləcə də Özbəkistanın Qaraqalpaqıstan Muxtar Respublikası, Rusiya Federasiyasının Altay, Xakasiya, Saxa (Yakutiya), Tatarıstan, Tıva respublikaları, Şimali Kipr Türk Cümhuriyyəti, Türkiyə, Türkmənistan təmsil olunur.