"İranın Azərbaycanın Tehran və Təbrizdə işləyən 4 diplomatını arzuolunmaz şəxs elan etməsi iki ölkə arasındakı əlaqələrə xələl gətirir".
Mia.az xəbər verir ki, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.
O bildirib ki, İranın bu qərarı tamamilə əsassızdır: "Tehran bu əsassız qərarı Azərbaycanın İranın 4 diplomatı ilə bağlı addımına cavab olaraq qəbul edib. İran tərəfi heç bir əsas olmadan və yalnız qarşılılıq prinsipini bəhanə gətirərək, ölkəmizin İrandakı səfirliyindən hələ yanvar ayında təxliyə olunmuş 2 nəfər əməkdaşı və Baş Konsulluğun 2 nəfər əməkdaşını arzuolunmaz şəxs elan edib. İranın Azərbaycanın 4 diplomatını arzuolunmaz şəxs elan etməsi bir sıra problemlərin mövcud olduğu ikitərəfli münasibətlərə xələl gətirir".
Qeyd edək ki, cari ilin aprel ayının əvvəlində İranın Azərbaycandakı səfirliyinin 4 əməkdaşı diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərə görə Azərbaycan hökuməti tərəfindən ölkədən çlıxarılıb.
Samir
MİA.AZ