Azərbaycan Ordusunun bölmələrinin Laçın yolunun şimalındakı torpaq yolları nəzarətə götürməsindən sonra Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasına və bu məqsədlə yeni keçid yollarının müəyyən edilməsinə cəhdlər göstərilir.

Mia.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, aprelin 21-i səhər saatlarında qeyri-qanuni erməni silahlı dəstələrinin döyüş mövqelərinə təminat vasitələrini daşıyan hərbi avtomobil texnikasının növbəti dəfə Rusiya sülhməramlı kontingentinin müşayiəti altında hərəkəti texniki vasitələrlə müşahidə olunub: "Bildiririk ki, Azərbaycanın Qarabağ iqtisadi rayonuna Ermənistan tərəfindən canlı qüvvə, silah-sursat, o cümlədən minaların daşınması və bu xüsusda yeni keçid yollarının müəyyən edilməsi cəhdləri üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulması ilə yanaşı bölgədə gərginliyin artmasına və ermənilərin yeni təxribatlarına zəmin yaradır".