Turan Rzayev,
Politoloq
***
Finlandiya rəsmi olaraq NATO-ya üzv oldu. Beləliklə, rəsmi Helsinki alyansın sayca 31-ci rəsmi üzvü oldu.
Prinsip etibarilə Finlandiya uzun müddətdir ki, NATO-ya inteqrasiya olunub. Sadəcə, indi hüquqi prosedurlar icra edilir.
Finlandiya NATO-ya üzv olaraq alyansın ümumi müdafiə ilə bağlı olan 5-ci maddəsindən faydalana biləcək. Yəni Finlandiyaya edilən istənilən hücum bütün ittifaqa hücum kimi qəbul ediləcək.
Helsinkinin alyansın 31-ci rəsmi üzvü olması həm də Baltik dənizinin NATO-nun daxili dənizi halına gəlməsi deməkdir. Düzdür, İsveçlə bağlı proses davam etsə də, bunun da qısa zamanda nəticələnəcəyi bəllidir. Sadəcə, zaman məsələsidir.
Kremlin narahatlığı
Rusiya üçün Finlandiyanın ittifaqa üzvlüyü İsveçin üzvlüyündən daha önəmlidir. Çünki Finlandiya ilə Rusiya sərhəddir. Helsinkinin alyansa üzv olması həm də NATO-Rusiya sərhədinin böyüməsi deməkdir.
Əslində, Kreml yaxşı bilir ki, indiki məqamda NATO-Rusiya gərginliyi olmayacaq. Sadəcə, Rusiya-Finlandiya sərhədinə əlavə hərbi qüvvə cəmləmək ehtiyacı görmürdüsə, NATO üzvü Finlandiya sərhədinə əlavə hərbi qüvvə cəmləməli olacaq. Bu isə mövcud Ukrayna-Rusiya müharibəsi fonunda onsuz da geriləyən iqtisadiyyatın əlavə yüklənməsi deməkdir.
Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşkonun “Əgər digər NATO üzvlərinə məxsus hərbi qüvvələr və maşınlar Finlandiyaya yerləşdirilərsə, əlavə addımlar atacağıq. Rusiyanın hərbi təhlükəsizliyini möhkəm şəkildə təmin edəcəyik” sözləri də Kremlin Finlandiyanın NATO-ya üzv olmasından deyil, Finlandiya-Rusiya sərhədinə NATO qüvvələrinin yerləşdirilməsindən narahat olduğunu təsdiqləyir.
Finlandiya Ukraynanın taleyi ilə üzləşə bilərmi?
A.Qruşkonun son açıqlaması hər nə qədər təhdidkar ritorikada olsa da, Finlandiyanın NATO-ya üzv olmasının ehtimal bir fin-rus gərginliyinə səbəb olacağını düşünmürəm.
Birincisi, A.Qruşkonun “Əgər digər NATO üzvlərinə məxsus hərbi qüvvələr və maşınlar Finlandiyaya yerləşdirilərsə, əlavə addımlar atacağıq” sözləri fin-rus gərginliyi mənasına gəlmir. Mümkündür ki, belə bir hal olacağı təqdirdə Rusiya da Finlandiya sərhədinə əlavə hərbi qüvvələr yerləşdirəcək. Yəni Qruşko “əlavə addımlar atacağıq” deyərkən bunu nəzərdə tutur.
İkincisi, yuxarıda qeyd etdiyim kimi, Finlandiya uzun müddətdir ki, NATO-ya inteqrasiya olunub. Sadəcə, indi hüquqi prosedurlar icra edilir. Yəni Rusiyanın bundan sonra Finlandiya ilə gərginlik yaratması birbaşa NATO ilə gərginlik yaratmaq deməkdir. Çətin ki, Kreml NATO ilə birbaşa gərginliyi gözə alsın.
Üçüncüsü, Rusiya yaxşı bilir ki, Finlandiya Ukrayna deyil. Bu ölkə həm rifah səviyyəsinə görə, həm də sosial baxımdan dünyanın ən sabit ölkəsidir.
Finlandiya ardıcıl beş ildir ki, dünyanın ən xoşbəxt ölkəsi seçilir. Yəni Rusiya bu ölkədə daxili sabitliyi poza bilməz. Digər tərəfdən Finlandiyada etnik münaqişə də yoxdur. Ümumiyyətlə isə belə bir münaqişəni yaradacaq əsas da yoxdur.
Finlandiya coğrafi olaraq da çətin relyefə və iqlimə malikdir. Kreml çətin ki, bu reallıqları bilə-bilə Finlandiya ilə gərginliyə girsin.
Finlandiya Prezidenti Sauli Niinistö deyib ki, ölkəsinin NATO-ya daxil olması hansısa ölkəyə qarşı yönəlməyib. Hesab edirəm, Niinistönun bu açıqlaması Finlandiya tərəfinin də Rusiya ilə gərginliyə getmək istəmədiyini göstərir.
Mia.az