Əmək və əhalinin sosial müdaafiəsi naziri Səlim Müslümov
bir rayonda «tayfa hakimiyyəti» yaradıb. Bununla da rayonda dövləti hakimiyyət
onun mənsub olduğu tayfanın feodal təfəkkürlü insanlarının tam nəzarəti altına
keçib.
Bu sözləri Mia.az-a Ağsu sakinləri
deyiblər. Onlar Səlim Müslümovun rayondakı «hakimiyyət»ində təmsil olunan qohumlarının
siyahısını da Mia.az-a təqdim ediblər:
1. Ağsunun icra başçısı nazir Səlim
Müslümovun dayısı Ənvər Seyidəliyevdir;
2. "Kapitalbank”ın Ağsu filialının müdiri Fətulla
Seyidəliyev Səlim Müslümovun digər dayısı və icra başçısı Ənvər Seyidəliyevin doğma
qardaşıdır;
3. S.Müslümovun bibisinin əri Ağsu
rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktorudur;
4. Rayon maliyyə şöbəsinin müdiri Radim Müslümov isə
S.Müslümovun doğma qardaşıdır;
5. Ağsunun yeganə mərkəzi bazarı Səlim Müslümovun
qohumu Varis Nəzərovun nəzarətindədir;
6. İcra başçısı Ənvər Seyidəliyevin
qardaşı, yəni nazirin digər dayısı Fazil Seyidəliyev rayon polis şöbəsində rəis
müavinidir;
Mia.az-a verilən məlumata görə, nazirin Ağsuda dövlət qurumlarına yerləşdirdiyi və tayfa xislətinə söykənən qohumlarının siyahısı bununla bitmir. Rayonda onlarla
digər vəzifələrə də Səlim Müslümova bu və ya digər formada qohumluğu çatan şəxslər
yerləşdirilib: «Səlim Müslümov nazir olduqdan sonra isə vəziyyət daha da mürəkkəb
xarakter alıb. İş o yerə çatıb ki, Müslümovun tayfası rayonun deputatı Ərəstun Cavadovun
deputat kimi rayondakı fəaliyyətini də məhdudlaşdırıblar. Nazirin qohumları rayonda
mərkəzi hakimiyyətin tapşırıq və tövsiyələrindən daha çox, Səlim Müslülmovdan gələn
göstərişləri icra etməklə məşğuldurlar. Onlar isə Ərəstun Cavadova yalnız «pul kisəsi»
kimi yanaşır və ondan Ağsuda yeni layihələrə pul xərcləməyi tələb edirlər».
Məlumatda o da bildirilir ki, Ağsuda hələ sovet dövründə də mövcud olmayan
avtovağzalı da deputat Ərəstun Cavadova tikdiriblər. Amma Ənvər Seyidəliyevlə nazir
bunu öz adlarına çıxıblar.
Mia.az