Bərdə şəhərinin Torpaqqala ərazisi və Qaratəpə kəndi yaxınlığında aparılan arxeoloji qazıntılarda 20 000-dən artıq maddi mədəniyyət materialları (şirli və şirsiz saxsı qab nümunələri, şüşədən hazırlanmış nəfis əşyalar, müxtəlif sümük bəzək nümunələri, metal pullar və s.) aşkarlanıb.

Milli Azərbaycan Tarixi Muzeyindən Mia.az-a verilən məlumaat görə, Oksford Universiteti ilə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının birgə təşkilatçılığı ilə həyata keçirilən bu qazıntılarda Nizami Gəncəvi Mərkəzinin Arxeoloji Ekspedisiyası üzvləri qismində Milli Azərbaycan Tarixi Muzeyinin “Arxeologiya” elmi fond şöbəsinin əməkdaşları – Aslan Qasımov və Mircavid Ağalarov iştirak ediblər. Arxeoloji qazıntı nəticəsində əldə edilən tapıntılar Milli Azərbaycan Tarixi Muzeyinin müvafiq fondlarına təhvil verilmişdir. Pandemiya səbəbindən əldə edilən materialların seçilməsi və təsnifatı işində müəyyən qədər fasilə yaransa da, sonradan bu iş daha intensiv aparılmışdır.

Əldə edilən materiallar sırasında numizmatik faktlar- sikkələr ayrıca seçilmiş və təmizlənilməsi məqsədilə muzeyin Bərpa laboratoriyasına təhvil verilmişdir. Bərpa laboratoriyasının bərpaçı-rəssamı Dinarə Ağayeva tərəfindən ultrasəsli aparatla çirkdən, paxır və ərpdən təmizlənilən sikkələrə ikinci həyat verilmişdir.

Muzeyin Numizmatika fondunun müdiri, t.ü.f.d. Aygün Məmmədova tərəfindən sikkələrin numizmatik təyinatı müəyyən edilmiş və nəticədə əksəriyyətinin mis olmaqla Abbasilər, Azərbaycan atabəyləri, Səlcuqlular, Səfəvilər dövründə zərb edilmiş sikkələr olduğu məlum olmuşdur.

Lə\man

MİA.AZ