Bu gün Prezident İlham Əliyev ölkədə yeni bir dövlət qurumunun yaradılması haqda fərman imzalayıb.
Miia.az xəbər verir ki, yeni fərman Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təsis edilməsi haqqındadır. Fərmanda bildirilir:
"Elmi-texniki nailiyyətlərin insan həyatına sürətlə daxil olduğu, qloballaşma meyllərinin geniş vüsət aldığı müasir dövrdə Azərbaycan cəmiyyətində müxtəlif elm sahələri üzrə biliklərin artırılması və rəqabətədayanıqlı insan kapitalının formalaşdırılması mühüm əhəmiyyət kəsb edir. Davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun sürətləndirilməsi fasiləsiz təhsil konsepsiyasını gerçəkləşdirmək və mütərəqqi maarifçilik ənənələrini davam etdirmək sahəsində yeni səmərəli mexanizmlərin yaradılmasını şərtləndirir.
1. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu yaradılsın.
2. "Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Nizamnaməsi” təsdiq edilsin.
3. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun işçilərinin say həddi 20 ştat vahidi müəyyən edilsin.
4. Azərbaycan Respublikasının Nazirlər kabineti:
4.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.4. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun xərclər smetasını, ştat cədvəlini və işçilərinin aylıq vəzifə maaşlarını bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.5. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun fəaliyyətinin təşkili ilə bağlı zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etsin;
4.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dövlət qeydiyyatına alınmasını bir ay müddətində təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 may 2014-cü il".